
“Romtehnica” şirkəti “Otokar”dan təzminat tələb edib
Rumıniyanın “Romtehnica” şirkəti Türkiyənin “Otokar” şirkətindən təzminat tələb edib.
“Poliqon” xəbər verir ki, bu barədə “Otokar”ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
“Şirkətimizin 04.10.2024 və 27.11.2024 tarixli xüsusi açıqlamalarında bildirildiyi kimi, Rumıniya Milli Müdafiə Nazirliyinə bağlı “C.N. Romtehnica S.A.” (“Romtehnica”) şirkəti tərəfindən açılmış 4×4 taktiki təkərli yüngül zirehli maşın satınalma tenderi “Otokar”ın xeyrinə başa çatmışdır. Bu çərçivədə ilk 278 ədədi “Otokar”ın öz zavodlarında, qalan hissə isə Rumıniyada istehsal edilmək üzrə ümumilikdə 1059 ədəd 4×4 taktik təkərli yüngül zirehli maşının “Romtehnica”ya satılması nəzərdə tutulmuşdur. Çatdırılmaların 2025-ci ilin son rübündən başlayaraq 5 il ərzində tamamlanması planlaşdırılmışdır.
Lakin “Romtehnica” Rumıniyada istehsal ediləcək hissə ilə bağlı yerli istehsala hazırlıq üzrə müqavilədə nəzərdə tutulan ara mərhələlərin vaxtında yerinə yetirilmədiyini iddia edərək, “Otokar” şirkətindən 191.847.899,70 Rumıniya leyi (mövcud məzənnə ilə təxminən 1,88 milyard TL) məbləğində təzminat tələbi irəli sürmüşdür.
Bu tələbə qarşı ləğvetmə iddiası qaldırılmış, tərəflər arasında danışıqlar davam edir. Bununla yanaşı, hüquqi haqlar qorunmaq şərti ilə “Otokar” şirkəti bu məbləği bu gün ödəyəcəkdir.
Bundan əlavə, “Otokar” zavodlarında istehsal edilən və indiyədək satışı tamamlanan 194 ədəd maşının gec təhvil verilməsi səbəbilə şirkətimizə 7.295.974,66 Rumıniya leyi (təxminən 72 milyon TL) məbləğində əlavə təzminat tələbi də irəli sürülmüşdür. Hüquqi haqlar qorunmaq şərti ilə, bu məbləğin də yanvar ayı ərzində ödənilməsi planlaşdırılır.
Sözügedən məbləğlərin 2025-ci il üzrə müqavilə çərçivəsində “Otokar”ın alacaqlarından tutulmaqla qarşılıqlı olaraq xərc kimi qeydə alınması nəzərdə tutulur.
Hazırda yaşanan gecikmələr və mübahisələr layihənin icrasına mənfi təsir göstərə və əlavə təminat tələblərinə səbəb ola bilər. Bununla belə, mübahisələrin həlli və müqavilə öhdəliklərinin icrasının davam etdirilməsi üçün işlər davam edir.
“Romtehnica” tərəfindən 17.12.2025 və 24.12.2025 tarixlərində şirkətimizə təqdim edilən ödəniş tələblərinin dərhal açıqlanmasının, davam edən danışıqlarda “Otokar”ın qanuni maraqlarına zərər vura biləcəyi, danışıqların nəticəsindən asılı olaraq dəyişə biləcək şərtlərin açıqlanmasının investorları çaşdıra biləcəyi nəzərə alınaraq, Kapital Bazarı Şurasının Xüsusi Açıqlamalar Təlimatı çərçivəsində bu məlumatların müzakirələr tamamlanana qədər təxirə salınmasına qərar verilmişdi.
Hazırkı mərhələdə məxfilik təmin edilə bilmədiyi üçün təxirəsalma şərtləri aradan qalxmış və bu səbəbdən hazırkı açıqlama edilib. Proseslə bağlı mühüm inkişaflar ictimaiyyətə açıqlanacaqdır”, – deyə məlumatda qeyd edilib.


