Rövşən Əhmədov MSN-in SPECA həftəsində nümayiş etdirdiyi silahlardan danışıb

Rövşən Əhmədov MSN-in SPECA həftəsində nümayiş etdirdiyi silahlardan danışıb

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) Bakı Ekspo Mərkəzində keçirilən SPECA ölkələrinin ( Azərbaycan, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistan) sərgisində yeni məhsullarını nümayiş etdirir.

Azərbaycanın müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov “Poliqon”a açıqlamasında MSN-nin stendində sərgilənən məhsullarla bağlı məlumat verib.

DSC 6017 — копияMüşavir bildirib ki, sərgidə MSN-in müəssisələrində istehsal edilən minaatanlar, müxtəlif sursatlar, qumbaraatanlar, optik nişangahlar, pilotsuz uçuş aparatları, atıcı silahlar – 9 mm-lik tapançalar, 5.45 mm-lik AK-74 avtomatı, 7.62 mm-lik AZ avtomatı, snayper tüfəngləri, hücum və iri çaplı pulemyotlar nümayiş olunur.

R.Əhmədov SPECA ölkələrinin sərgisində MSN tərəfindən yeni və ilk dəfə təqdim edilən məhsullar haqqında danışıb: “Bu sərgidə yeni məhsullarımız da var. Yeni məhsullarımızdan biri 12.7 mm-lik piyada pulemyotudur. Bu pulemyot Müdafiə Nazirliyinin verdiyi texniki tapşırığa uyğun olaraq yaradılıb. Onun tamamlanmış nümunəsi artıq dövlət səviyyəsində sınaqlara çıxmağa hazırdır.

DSC 6023Bundan başqa, son üç ayda yaratdığımız, yeni AH-12.7 pulemyotunu da burada ilk dəfə sərgiləyirik. Cənab Prezidentə bu pulemyot təqdim olundu. AH-12.7 pulemyotu şəhidimiz Ağaəmi Heybətovun adını daşıyır. Pulemeyotun özəlliklərindən biri, onun üçayaqlı dayaq üzərində quraşdırılmasıdır. AH-12.7 pulemyotu öz oxu ətrafında 360 dərəcə fırlanır və 75 dərəcə bucaq altında atəş aça bilir. Bu isə imkan verəcək ki, gələcəkdə onu həm zenit pulemyotu kimi, həm də dağ və dağətəyi rayonlarda xüsusi təyinatlılar aşağı massivlərdən yuxarı hündürlükdəki hədəfləri vurmaq üçün istifadə etsinlər. Biz bunu müxtəlif pulemyotları tədqiq edərək hazırlamışıq. AH-12.7 pulemyotunun üstün cəhətlərdən biri də kütləsinin aşağı olmasıdır. Pulemyotun özünün ağırlığı 20 kiloqram, üçayaqlı dayaq ilə birlikdə isə 38 kiloqramdır. AH-12.7 pulemyotu müxtəlif variantlarda istifadə oluna bilər. Üçayaqlı dayağı çıxartdıqdan sonra pulemyotu istənilən nəqliyyat vasitəsinin üzərinə quraşdırmaq mümkündür”.

Hazırda zavod daxili testlərin keçirildiyi bildirilən AH-12.7 pulemyotu sınaqlar zamanı 1800 metr uzaqlıqdakı hədəfi vura bilib. Növbəti atış sınaqlarında 2000 metr məsafədən hədəfin vurulması planlaşdırılır. Hazırda bunun üçün silahın üzərində rekonstruksiya işləri görülür. Yeni pulemyotun təpməsi az olduğuna görə atış dəqiqliyi yüksəkdir. Kütləsi öz alternativlərindən az olan AH-12.7 pulemyotu Rusiya istehsalı analoqlarından iki dəfə yüngüldür. Üçayaq qurğusunun çəkisi iki dəfə azaldılıb. Daha müasir materiallardan istifadə etməklə azaldılmış silahın bəzi hissələri tamamilə yeni konstruksiyada tətbiq edilib. Gövdəsi, mexanizmi, lüləsinin quruluşu tamamilə başqadır.

R.Əhmədov SPECA həftəsində nümayiş etdirilən kiçik çaplı minaatanların kütləvi istehsalının davam etdiyini diqqətə çatdırıb. Nazir müşaviri bu sərgidə artıq dövlət sınağı bitmiş və hazırda seriyalı istehsalda olan AQK-30 avtomatik qumbaraatanın da nümayiş olunduğunu qeyd edib. Onun sözlərinə görə, AQK-30 avtomatik qumbaraatanı AQS-30 prototipi əsasında yaradılıb.

CATEGORIES
TAGS