Rumıniya “Abrams” tankları alacaq

Rumıniya “Abrams” tankları alacaq

Rumıniyanın Milli Müdafiə Nazirliyi ABŞ-dan M1 “Abrams” əsas döyüş tanklarını almağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu Rumıniya Milli Müdafiə Nazirliyinin Baş Silah İdarəsinin rəisi, general-mayor Teodor İnçikas deyib.

Nazirliyin həftəlik məlumatında o, ABŞ-dan Abrams tanklarının alınması ilə bağlı sorğunun tezliklə parlamentə göndəriləcəyini bildirib. T.İnçikas Rumıniyanın indi bir tank taboru yaratmağı planlaşdırdığını təsdiqləyib.

NATO ölkələrinin ordularının hazırkı təşkilati strukturunda bir tank taboru 54 tankdan ibarətdir. Yəni, Rumıniya Ordusu yəqin ki, 54 ədəd almağı planlaşdırır.

Daha sonra Rumıniya Milli Müdafiə Nazirliyinin rəsmisi aydınlaşdırıb ki, bu tank modeli Quru Qoşunlarında hərtərəfli qiymətləndirmə və düşünmədən sonra seçilib. Rumıniya Ordusunun Baş Qərargahı hesab edir ki, yeni tanklarla gücləndirmək istənilən briqadanın tapşırığı üçün ən yaxşı maşın “Abrams”dır. Tapşırıqları yerinə yetirmək üçün lazımi keyfiyyətlərə malikdir.

Tankın konkret versiyası hazırda məlum deyil, lakin general vurğulayıb ki, Rumıniyanın alacağı “Abrams” tankları Rumıniya Ordusunun sifarişi ilə müasir sistemlərlə inteqrasiya olunacaq. General onu da bildirib ki, tank istehsal şirkəti ilə birbaşa təmasların kommersiya sistemi ilə deyil, hökumətlərarası satınalmalar (G2G) yolu ilə alınacaq.

M1 “Abrams” tankının dəqiq qiyməti onun təkmilləşdirilməsindən asılıdır. Bir M1A1 “Abrams” tankının təxmini qiyməti müxtəlif mənbələr tərəfindən 4,3 milyon ABŞ dolları qiymətləndirilir, M1A2 “Abrams” tankının isə qiyməti artıq 5,6 milyon ABŞ dollarıdır.

Bununla belə, potensial müqavilənin məbləğini hətta müəyyən bir maşının məlum qiyməti ilə hesablamaq düzgün deyil, çünki təkcə tankların dəyəri vacib deyil. Paketə mütləq təlim xidmətləri, əlavə ehtiyat hissələrinin, avadanlıqların, döyüş sursatlarının satışı, həmçinin infrastrukturun inkişafı daxildir.

Məsələn, Polşaya 250 ədəd “Abrams” əsas döyüş tankı və müvafiq texnikanın satışına dair analoji müqavilənin dəyəri 6 milyard ABŞ dollar təşkil edib. Müqaviləyə 250 ədəd M1A2SEPv3 “Abrams” tankı daxildir; 250 ədəd AN/VLQ-12 CREW Duke radio ilə idarə olunan mina əleyhinə əks-təsir vasitəsi; 26 ədəd M88A2 HERCULES təmir-təxliyyə maşını; 17 ədəd M1110 körpüquranı; 276 ədəd .50 (12,7×99 mm) çaplı M2 pulemyotu və 500 ədəd 7,62 mm-lik M240C pulemyotu və əlavə 15 ədəd AGT1500 qaz-turbin mühərriki daxildir.

M1 “Abrams”, keçən əsrin 70-ci illərində hazırlanmış və 1980-ci ildən bu yana istehsal olunan ABŞ-ın əsas döyüş tankıdır. Tank ABŞ Dəniz Qüvvələri Korpusu və ABŞ Ordusu ilə yanaşı, Misirin, Səudiyyə Ərəbistanının, Küveytin, İraqın, Avstraliyanın, Tayvanın, Polşanın və Mərakeşin silahlı qüvvələrində silahlanmadadır. Potensial sifarişçilər arasında isə Braziliya, Yunanıstan və Ukrayna yer tutur.

M1A1 modifikasiyası 1984-cü ildə hazırlanıb və əsas versiyasından 120 mm-lik hamar lüləli topu (əsas versiya 105 mm-lik yivli lüləli topla silahlanmışdır), gücləndirilmiş zirehi və kondisioner sistemi ilə fərqlənir.

Hazırda “Abrams” tankının ən yeni modifikasiyası ictimaiyyətə ilk dəfə 2014-cü ildə təqdim edilmiş M1A3 modelidir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS