QuruXəbərlər

Rumıniya Fransadan GM200 MM/A radarları alır

Rumıniya Fransanın “Thales” şirkətinin istehsalı olan 12 ədəd “Ground Master 200 Multi-Mission All-in-one” (GM200 MM/A) radarının tədarükü ilə bağlı hökumətlərarası müqavilə imzalayıb.

“Poliqon” “Thales”ə istinadən xəbər verir ki, Rumıniya və Fransanın Silahlanma Baş İdarələri arasında imzalanan saziş Avropa İttifaqının SAFE proqramı çərçivəsində maliyyələşdirilir.

Müqaviləyə əsaəsn, ilk radarların 2027-ci ildə Rumıniyaya təhvil verilməsi planlaşdırılır.

GM200 MM/A döyüş şəraitində özünü doğrultmuş, ortamənzilli, 4D AESA texnologiyasına malik radardır. Sistem 350 kilometrədək məsafədə alçaq hündürlükdə uçan pilotsuz uçuş aparatlarından (PUA), yüksək hündürlükdə fəaliyyət göstərən təyyarə və raketlərədək müxtəlif hədəfləri aşkar edib izləmək imkanına sahibdir. Proqram təminatı ilə müəyyən olunan qabaqcıl texnologiyası sayəsində dəyişən təhlükələrə yüksək dəqiqliklə cavab verə bilir.

Radar eyni vaxtda hava və yerüstü müşahidə, silah sistemlərinin koordinasiyası, eləcə də raket, artilleriya və minaatan mərmilərinin aşkarlanmasını və erkən xəbərdarlıq missiyalarının icrasını təmin edə bilir. Sistemin əsas üstünlüklərindən biri onun “hamısı bir yerdə” (all-in-one) konstruksiyasıdır. Radar, qaldırıcı dirək və elektrik generatoru bir 20 futluq konteynerdə yerləşdirilib ki, bu da sistemi tam mobil edir və onun nəqliyyat vasitəsi üzərində 15 dəqiqədən az müddətdə yerləşdirilərək istifadəyə verilməsinə imkan yaradır. Nəticədə isə yaranan təhdidlərə operativ reaksiya təmin olunur.

Back to top button