Rumıniya HHQ MiQ-21 qırıcılarını istismardan çıxarır

Rumıniya HHQ MiQ-21 qırıcılarını istismardan çıxarır

Rumıniya Hərbi Hava Qüvvələri (HHQ) keçmiş SSRİ istehsalı köhnəlmiş MiQ-21 qırıcılarının istismardan çıxarıldığını rəsmən elan edib.

“Poliqon” xəbər verir ki, qalan MiQ-21 qırıcıları 2024-cü ilə qədər ABŞ-ın F-16 (General Dynamics F-16 Fighting Falcon) qırıcıları ilə əvəz olunacaq.

2024-cü ilə qədər Rumıniya HHQ F-16 qırıcılarından ibarət üç döyüşə hazır eskadrilya olmasını gözləyir. Bu, 861 “Aviatie Lupta” və 711 “Aviatie Lupta” eskadrilyalarının silahlanmasında olan MiQ-21 qırıcılarını uçotdan silməyə imkan verəcək.

Təxminən on ildir ki, Rumıniya özünün HHQ-ni istifadə olunmuş (ikinci əl) F-16 qırıcıları ilə silahlandırır. İlk 12 ədəd F-16 (F-16AM və F-16BM block 15) 2013-cü ildə, daha 5 təyyarə isə 2019-cu ildə Portuqaliyadan alınıb. Bu il Rumıniya Norveç tərəfindən istismardan çıxarılan daha 32 ədəd F-16 (F-16AM və F-16BM) qırıcısını almaq niyyətindədir. Bu təyyarələr Rumıniyaya NATO üzvü kimi öz vəzifələrini yerinə yetirməyə imkan verəcək. Eyni zamanda, Rumıniya Müdafiə Nazirliyi bildirir ki, 2030-cu ildən sonra F-16 qırıcılarını ən son F-35 qırıcıları ilə əvəz etmək niyyətindədir.

Xatırladaq ki, F-16 “Fighting Falcon” qırıcısı 13 dəfə təkmilləşmədən keçmiş ən kütləvi istehsal olunan dördüncü nəsil təyyarədir. Bu, ən populyar təyyarələrdən biri olaraq dünyanın 25 ölkəsində HHQ-nin silahlanmasındadır.

Qeyd edək ki, F-16 Block 70/72 qırıcısının bir ədədi Bolqarıstana 2019-cu ildə 157 milyon ABŞ dollarına, F-16V Block 70/72 “Viper” qırıcısının bir ədədi Slovakiyaya 2018-ci ildə 207 milyon ABŞ dollarına satılıb. Yunanıstan isə 84 ədəd F-16 Block 50/52 versiyasının Block 70/72 versiyasına qədər təkmilləşdirilməsi üçün ABŞ-ın “Lockheed Martin” şirkəti ilə ümumi dəyəri 996,8 milyon ABŞ dolları (bir ədəd üçün 11,9 milyon $) olan müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, istismara başlanmasından indiyədək 671 ədəd F-16 “Fighting Falcon” qırıcısının qəzası qeydə alınıb ki, bu qəzalarda 208 pilot və bu təyyarənin qəza zonalarında olan 98 nəfər həlak olub. ABŞ Hərbi Hava Qüvvələri 286 təyyarə itirərək ən çox “fərqlənib”. Lokal müharibələrdə iştirak etdiyi bütün müddət ərzində F-16 qırıcısının döyüş itkiləri təxminən 160 ədəd təşkil edib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS