Rumıniya “Patriot” ZRK-nin son versiyasını alır
Rumıniya ABŞ-ın “Raytheon Missiles and Defence” şirkətindən “Patriot” zenit raket kompleksinin (ZRK) son versiyasını alır.
“Poliqon” “Army Recognition” portalına istinadən xəbər verir ki, Rumıniyada artıq 2020-ci ilin avqustunda alınan “Patriot” ZRK-nin bir batareyası var.
“Raytheon Missiles and Defense” şirkəti NATO üzvlərinin Qara dəniz bölgəsindəki təhlükəsizliklə əlaqədar narahatlığına cavab olaraq kompleksi qısa müddətdə tədarük edib.
Kompleksin son versiyasını əldə etməklə yanaşı, Rumıniya buna qədər təkmilləşdirmək üçün mövcud kompleksin çevik konfiqurasiya arxitekturasından da istifadə edəcək.
2017-ci ildə, Rumıniya, “Xarici hərbi satış” (FMS) proqramı çərçivəsində 7 dəst “Patriot” PAC-3+ ZRK batareyasının alınması barədə ABŞ ilə müqavilə imzalayıb.
Müqavilənin PAC-2 GEM-T və PAC-3 MSE zenit raketləri ilə birlikdə təxminən 3,9 milyard ABŞ dolları dəyərində olduğu bildirilir.
Alınacaq 7 dəst “Patriot” PAC-3+ batareyasından 4 dəsti Rumıniya Hərbi Hava Qüvvələri, 3 dəsti isə Rumıniya Quru Qoşunları üçün nəzərdə tutulub.
2017-ci ilin iyul ayında Pentaqonun Hərbi Əməkdaşlıq Agentliyi, ABŞ Konqresinə gələcəkdə FMS proqramı vasitəsi ilə Rumıniyaya ümumi dəyəri 3.9 milyard ABŞ dolları olan 7 dəst “Patriot” ZRK-nin satılması barədə bildiriş göndərib.
Məlumata görə, tədarük müqaviləsi 7 dəst AN/MPQ-65 radiolokasiya stansiyasını, 7 dəst AN/MSQ-132 komanda məntəqəsini, 28 ədəd M903 buraxma qurğusunu, 56 ədəd Patriot MIM-104E Guidance Enhanced Missile-TBM (GEM-T) zenit idarəolunan raketlərini, 168 ədəd Patriot Advanced Capabilty-3 (PAC-3) Missile Segment Enhancement (MSE) raket əleyhinə idarə olunan raketləri, 7 dəst EPP III generatorları və 13 dəst qalxma-maçta qurğusunu əhatə edir.
Tədarükün baş podratçısı “Raytheon” və “Lockheed Martin” korporasiyalarıdır.
Birinci “Patriot” ZRK batareyasının ilk elementləri 2020-ci ilin avqust ayının əvvəlində Rumıniyaya çatdırılıb. İndi ilk batareya Rumıniya HHQ Milli Havadan Müdafiə Təlim Mərkəzinin tərkib hissəsi olaraq Rumıniya Silahlı Qüvvələrinə təhvil verilib.
Əhəd Əzizov