Rumıniyada “S.C. Arsenal” artilleriya zavodunun fəaliyyəti bərpa edilir

Rumıniyada “S.C. Arsenal” artilleriya zavodunun fəaliyyəti bərpa edilir

Rumıniyada 15 ildir işləməyən sursat və artilleriya sistemləri istehsalı müəssisəsi fəaliyyətini xarici investisiyalar hesabına bərpa edəcək.

“Poliqon” “europafm.ro” saytına istinadən xəbər verir ki, Rumıniyanın Reşitsa şəhərindəki zavod bu ilin sonunadək yenidən fəaliyyətə başlayacaq.

Beləliklə, zavod yenidən Avropada silah istehsalına qayıdacaq.

İstehsalın bərpası çərçivəsində aprelin 4-ü müqavilə imzalanıb. Sənəd “S.C. ROMARM S.A.”nın törəmə şirkəti olan “Arsenal Reşiţa S.A.” və “Torman International” şirkətinin Rumıniyadakı nümayəndəsi arasında imzalanıb.

Zavodun bərpasını Britaniyanın Dubayda yerləşən “Torman International” şirkəti maliyyələşdirəcək. Müqavilə bir neçə mərhələlik bağlanır. Belə ki, növbəti altı ay ərzində birinci mərhələ davam edəcək – zavod bərpa prosesindən keçəcək, hazırkı 32 nəfərlik komandanı tamamlayacaq 75 işçini işə götürəcək və müəssisə 152 mm-lik artilleriya mərmilərinin istehsalına başlayacaq.

Döyüş sursatlarının seriyalı istehsalı genişləndirildikdən sonra işçilərin sayı 200-300 nəfərə qədər artırılacaq.

Həmçinin, zaman keçdikcə “S.C.Arsenal Reşiţa S.A.” zavodu müəssisənin bağlanmazdan əvvəl istehsalında ixtisaslaşmış artilleriya sistemlərinin istehsalını bərpa edəcək. Yəni, birinci mərhələdə zavod istehsalı dəyişəcək: top lüləsi və toplardan tutmuş mərmi istehsalına keçəcək və zamanla top istehsalı da bərpa olunacaq.

Qeyd edim ki, əvvəllər “Arsenal Reșița” kimi tanınan “S.C.Arsenal Reşiţa S.A.” zavodu 1972-ci ildə yaradılıb və fəaliyyəti dövründə Rumıniya ordusunun artilleriya sistemləri və mərmilərinin 60%-dən çoxunu istehsal edib. 2008-ci ildə zavod son sifarişini alıb, bundan sonra qapılarını bağlayıb. Hazırda zavodda cəmi 32 işçi çalışır. 1989-cu ilə qədər keçmişdə “Întreprindea Mecanică Reşita” adlandırılan “S.C. Arsenal” zavodunda 2000 nəfərdən çox işçi işləyib.

Rumıniya rəsmilərinin sözlərinə görə, artilleriya döyüş sursatlarının istehsalı üçün lazım olan komponentlər və xammal yerli təchizatçılardan alınacaq.

Əhəd Vahidoğlu

CATEGORIES