
Rus sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazisində növbəti təxribat törədilib
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumatda bildirilir ki, bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan bölmələrinin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.
“Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlikdən bildirilib.