Rusiya HDQ-nin döyüş sıralarına itisürətli patrul katerləri daxil edilib
Bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş sıralarına 03160 “Raptor” layihəli iki ədəd itisürətli patrul kateri daxil edilib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Sankt-Peterburqdakı “Pella” ASC-nin yeni gəmiqayırma tərsanəsində inşa edilmiş “Raptor” tipli itisürərli katerlər Rusiya Hərbi Dəniz Qüvvələrinin Gəmiqayırma İdarəsinin rəisi Ordu admiralı Vladimir Tryapichnikovun iştirakı ilə keçirilən mərasimdə HDQ-nin istifadəsinə verilib.
Bildirilib ki, 15 və 16 seriya nömrəli “Raptor” katerləri 2020-ci ilin iyun ayında Rusiya Donanmasına daxil ediləcəkdir. Hazırda katerin şəxsi heyəti Sankt-Peterburqda Rusiya HDQ-nin Tədris Mərkəzində hazırlıq keçir. Dövlət sınaqları başa çatdıqdan sonra hər iki kater Baltik Donanmasında istismara cəlb ediləcək.
“Raptor” layihəli itisürətli katerlər dəniz akvatoriyalarında patrul xidmətinin təşkili, sürətli müdaxilə, xüsusi təyinatlı qrupların hadisə yerinə nəqli, gəmilərin ələ keçirilməsi, axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulur. Sürəti 50 düyün təşkil edən kater tam təchizatlı 20 desant daşıya bilir. “Raptor”un İsveçin “Dockstavarvet” şirkətinin lisenziyası əsasında CB-90 sürətli müdaxilə katerlərinin üzərində müəyyən təkmilləşdirmələr aparılmaqla yaradıldığı bildirilir.