Rusiya HDQ-nin Xəzər flotiliyası yeni bazaya köçürülüb

Rusiya HDQ-nin Xəzər flotiliyası yeni bazaya köçürülüb

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər flotiliyasının əsas qüvvələrinin yenidən bazalanması çərçivəsində 20-dən çox gəmi Dağıstanın Kaspiysk şəhərindəki daimi dislokasiya məntəqəsinə gəlib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətnuat xidməti məlumat yayıb.

Kiçik raket və artilleriya gəmiləri, həmçinin Xəzər flotiliyasının silahlanmasında olan baza tral (minaaxtaran) gəmiləri Mahaçqaladan Kaspiyskdəki yeni limana gəlib. Liman, Xəzər flotiliyasının bazasının infrastrukturunu yeniləmək planının bir hissəsi kimi flotiliyanın qüvvə və vasitələrini yerləşdirmək üçün tikilib.

Briqadaların mühəndis-texniki heyəti, həmçinin gəmilərə xidmət göstərmək və onları dənizə çıxmağa hazırlamaq üçün nəzərdə tutulmuş gəmi texnikaları da daimi dislokasiya məntəqəsinə çatdırılıb.

Məlumatda bildirilir ki, hazırda hərbi qulluqçular texnika və silahların planlı texniki xidməti, həmçinin gəmilərin dənizə çıxmasına hazırlıq işlərinə başlayıblar. Bundan başqa, Yeni il bayramları ərəfəsində döyüş hazırlığının yüksəldilməsi məqsədilə təlim-məşq toplanışı, eləcə də təlim-maddi texniki bazaya baxış keçiriləcək.

Xatırladaq ki, Xəzər flotiliyasının əsas bazası 2020-ci ildən Kaspiysk şəhərində yerləşir. Flotiliya Xəzər dənizi regionu üçün məsuliyyət zonasına malikdir. Bu, Xəzər regionunda ən güclü dəniz birləşməsidir. Donanmaya bir neçə gəmi briqada və divizionları, aviasiya, sahil qoşunları daxildir.

Hava yastıqlı artilleriya qayıqları briqadasının Həştərxan və Mahaçqalada bazaları var.

Donanmanın flaqmanı 11661K layihəli “Tatarstan” raket gəmisidir (idarə olunan raket silahlı korvet).

2021-ci ilin mart ayından etibarən Xəzər flotiliyasının komandanı kontr-admiral Aleksandr İqoreviç Peşkovdur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS