Rusiya HDQ-yə məxsus “Admiral Naximov” kreyserinin modernləşdirilməsinin dəyəri iki dəfə artıb
Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Admiral Naximov” kreyserinin təmir və modernləşdirilməsinin dəyəri artıq 200 milyard rublu (2.1 milyard ABŞ dolları) ötüb.
“Poliqon” bildirir ki, bu barədə TASS informasiya agentliyinə Rusiya Hərbi Dəniz Qüvvələrinə yaxın mənbə məlumat verib.
““Admiral Naximovun” təmiri və modernləşdirilməsinin dəyəri onun üzərində işlərin başlandığı vaxtdan demək olar ki, iki dəfə artıb və artıq 200 milyard rublu keçib. Bu, son hədd kimi görünmür”, – deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, gəmini təchiz etmək üçün nəzərdə tutulmuş işlərin, komponentlərin və sistemlərin özləri bahalaşıb. Həmçinin, Hərbi Dəniz Qüvvələrinin kreyserdə görülən işlərə olan tələbləri daim artır, buna görə də tez-tez yenidən işlənməli olurlar.
Hazırda Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının tərkibinə daxil olan “Sevmaş” İstehsalat Birliyi tərəfindən “Admiral Naximov” kreyserinin təmiri və modernləşdirilməsi ilə bağlı işlər davam etməkdədir.
Kreyserin dəniz sınaqlarına 2023-cü ilin dekabrında və ya 2024-cü ilin mayında başlanması planlaşdırılıb.
“Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumu zamanı Birləşmiş Gəmiqayırma Korporasiyası rəhbərinin hərbi gəmiqayırma üzrə müavini Vladimir Korolev “Admiral Naximov”un 2024-cü ildə Rusiya HDQ-yə təhvil veriləcəyini açıqlamışdı.