Rusiya Hindistana S-400 ZRS-nin tədarükünə başlayıb

Rusiya Hindistana S-400 ZRS-nin tədarükünə başlayıb

Rusiyanın müdafiə sənayesi kompleksi tərəfindən Hindistanın sifarişi əsasında  istehsal olunan S-400 zenit-raket sistemlərinin (ZRS) ilk divizionunun sifarişçiyə tədarükü başlanıb.

“Poliqon” xəbər verir ki, bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.

Dmitri Şuqayev bildirib ki, 2021-ci ilin sonuna kimi S-400 zenit-raket sistemlərinin ilk divizionu Hindistana təhvil veriləcək.

Rusiya və Hindistan arasında 2018-ci ilin oktyabrında S-400 ZRS-lərin tədarükünə dair müqavilə imzalanıb. Müqavilə çərçivəsində Rusiya Hindistana 5.4 milyard dollar dəyərində 5 divizion S-400 sistemini təhvil verəcək.

Məlumat üçün qeyd edək ki, S-400 ZRS (NATO təsnifatına görə – SA-21 “Growler”) 1990-cı illərdən başlayaraq Rusiyanın “Almaz” mərkəzi dizayn bürosu tərəfindən hazırlanmağa başlanılıb. Sistem 2007-ci ildən Rusiya ordusunda xidmətdədir.

S-400 sisteminə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 sistemi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS