Rusiya “Lastoçka” kompleksinin yeni zərbə PUA-larını tətbiq edib
Sonuncu “Qərb-2021” təlimində Rusiya ilk dəfə “Lastoçka” kompleksinin tərkibindən zərbə pilotsuz uçuş aparatını (PUA) tətbiq edib.
“Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmçinin, təlim mərhələsi çərçivəsində şərti düşmənə zərbələr “İnoxodets” (ixrac variantında “Orion-E”) və “Forpost” zərbə dronları tərəfindən də həyata keçirib.
Mulino poliqonunda keçirilən “Qərb-2021” təlimlərinin əsas epizodu zamanı Rusiya hərbiçiləri “Lastoçka” kompleksinin tərkibindən yeni zərbə PUA-lar da istifadə ediblər. “Lastoçka” kompleksinin zərbə PUA-ları açıqda yerləşən canlı qüvvəyə atəş zərbəsi yetirib, qəlpəli və kumulyativ sursatla şərti düşmənin zirehli hədəfini məhv edib.
Məlumatda kompleksin taktiki-texniki xüsusiyyətləri açıqlanmayıb, inkişafı haqqında əvvəllər məlumat verilməyib.
Qeyd edək ki, Rusiya və Belarusiya silahlı qüvvələrinin strateji təlimləri hər iki ildən bir keçirilir. “Qərb-2021” təlimi, bu il iki ölkənin silahlı qüvvələrinin birgə hazırlığının son mərhələsidir. Qoşunların (qüvvələrin) praktiki fəaliyyətləri 10-16 sentyabr 2021-ci il tarixlərində Rusiya ərazisində və Baltik dənizinin sularında yerləşən doqquz poliqonda, həmçinin Belarus Silahlı Qüvvələrinin beş təlim poliqonunda baş tutub.
Ümumilikdə təlimlərdə 200 minə qədər şəxsi heyət, təxminən 80 ədəd təyyarə və helikopter, 760 ədədə qədər hərbi texnika, 290 ədəd tank, 240 ədəd artilleriya, yaylım atəşli reaktiv sistem və minaatan, o cümlədən 15 ədədə qədər gəmi iştirak edib.
Əhəd Əzizov