
Rusiya Liviyaya BM-30 “Smerç” YARS-lar tədarük edir
Liviya Milli Ordusu Benqazidə keçirilən hərbi paradda Rusiyadan alınmış 300 mm-lik BM-30 “Smerç” yaylım atəşli reaktiv sistemlərini (YARS) ictimaiyyətə təqdim edib.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, buu parad Liviya Milli Ordusunun 2014-cü ildə ölkənin şərqində başladılan “Əl-Kəramə” əməliyyatının 11-ci ildönümü münasibətilə təşkil olunub.
Paradda əvvəllər ictimaiyyətə nümayiş etdirilməmiş, bir çoxu Rusiya mənşəli olan zirehli texnika, hava hücumundan müdafiə sistemləri və artilleriya qurğuları nümayiş etdirilib.
Təqdim olunan artilleriya platformaları arasında SSRİ tərəfindən 1980-ci illərdə hazırlanmış BM-30 “Smerç” YARS da yer alıb. “Smerç”, MAZ-543M 8×8 təkər formullu şassi üzərində qurulub və 38 saniyə ərzində 12 raket buraxmaq imkanına malikdir. Raketlər, başlıq növündən asılı olaraq maksimum 90 kilometr məsafəyə qədər hədəfi vura bilir. Bu sistem müxtəlif döyüş başlıqları daşıya bilər. YARS adətən batareya səviyyəli atəşi idarəetmə infrastrukturu ilə birgə işləyir ki, buna komanda maşını və yenidən təchizetmə maşınları daxildir. Avtomatlaşdırılmış hədəfləmə və peyk naviqasiya sistemləri ilə təchiz olunan bu kompleks daha yüksək dəqiqlik və aşkarlamadan atəşə qədər olan vaxtın azalması ilə fərqlənir. Hərəkətlilik, məsafə və döyüş başlıqlarının müxtəlifliyi baxımından “Smerç” hazırda xidmətdə olan ən güclü ənənəvi artilleriya sistemlərindən biridir.
2025-ci ilin may ayına olan məlumata görə, Rusiya Liviyada, əsasən də Marşal Xəlifə Haftərin başçılıq etdiyi Liviya Milli Ordusuna dəstək verməklə öz hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirib. Əsəd rejiminin Suriyada süqutundan sonra, Rusiya bir sıra hərbi texnikanı, o cümlədən S-300 və S-400 kimi qabaqcıl hava hücumundan müdafiə sistemlərini, Suriyadan Liviyaya köçürüb. Liviya Milli Ordusunun hava qüvvələri də MiQ-29 və Su-24 döyüş təyyarələri ilə gücləndirilib. Bu təyyarələr Rusiya muzdluları tərəfindən idarə olunur. Bu köçürmələr əsasən Əl-Xadim, Əl-Cufra və Brak Əl-Şatti kimi təkmilləşdirilmiş hava bazaları vasitəsilə həyata keçirilir ki, bu bazalar da indi Rusiyanın Afrika üzrə əməliyyatları üçün logistik mərkəzlərə çevrilib. Keçmiş Vaqner Qrupunun yerinə Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılmış “Afrika Korpusu”nun Liviyadakı dislokasiyası ilə Rusiyanın burada mövcudluğu daha da möhkəmlənib. Bu korpusun şəxsi heyətinin sayının 2.000 nəfəri keçdiyi bildirilir.
Bundan əlavə, Rusiya Tobrukda dəniz bazası əldə etmək üçün danışıqlar aparır ki, bu da NATO-nun Aralıq dənizi yaxınlığında Rusiya üçün yeni dayaq nöqtəsi yaratmaq məqsədi daşıyır. Tripolidə yerləşən Milli Həmrəylik Hökuməti bu artan Rusiya təsirinə qarşı çıxsa da, Haftərin Moskva ilə olan ittifaqı daha da güclənməkdədir və Liviya Rusiyanın Aralıq dənizi və Afrika strategiyasında əsas mövqe tutmağa başlayıb.