Rusiya “Msta-S” haubitsasınının 155mm NATO kalibrli versiyasını təqdim edib
“Rosoboroneksport” Səhmdar Cəmiyyəti “Ural Vaqon Zavod” Konserni (UVZ) ilə birlikdə “Msta-S” özüyeriyən haubitsanın 155 mm NATO kalibrinə uyğunlaşdırılmış versiyasının döyüş imkanlarını nümayiş etdirib.
Bu barədə “AzeriDefence”ə “Rosoboroneksport” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Yaxın Şərqdən olan sifarişçi üçün hazırlanmış özüyeriyən artilleriya qurğusunun sınaqları Nijni-Taqildə keçirilib.
Sınaqların gedişatında “Msta-S” bütün hədəfləri vuraraq, bütün planlaşdırılmış manevrləri yerinə yetirib. Sınaqlarda “Msta-S”in avtomatlaşdırılmış atəş idarə etmə sistemi “Orlan-10E” pilotsuz uçuş aparatından göndərilən informasiya əsasında hədəfləri vurub.
“Rosoboroneksport” Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixeyev bildirib ki, bir sıra Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionu ölkələrindən “Msta-S” artilleriya qurğusuna maraq var.
155 mm-lik “Msta-S” özüyeriyən haubitsa avtomatlaşdırılmış atəş idarəetmə sistemi, lazer məsafəölçən, termal nişangah, elektro-optik müşahidə cihazları, ballistik hesablayıcı, mexaniki doldurma sistemi, peyk naviqasiyası, qüllənin damında yaxın məsafədə döyüş aparmaq üçün 12,7 mm çaplı pulemyotla təchiz olunub.