Rusiya Ordusu “Metka” DZRK-ni silahlanmaya qəbul edəcək
Rusiyada hava hücumundan müdafiə (HHM) sistemlərinin və vasitələrinin təkmilləşdirilməsi davam edir. İnkişaf sahələrindən biri də idarə olunan zenit raketlərini “aldatmağa” çalışan hava hədəflərini məhv etmək probleminin həlli ilə bağlıdır.
“Poliqon” xəbər verir ki, Rusiya Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə yaxın zamanlarda silahlanmaya istilik tələlərinə reaksiya verməyən DZRK-inin qəbul ediləcəyini açıqlayıb.
Komandan bunun “Metka” DZRK olduğunu bildirib. Onun sözlərinə görə, bu kompleksin döyüş sursatı xüsusi özütuşlama başlığı ilə təchiz olunub ki, o da “bütün növ optik müdaxilələrə” davamlı olacaq.
Müsahib bildirib ki, qoşunların “Metka” DZRK ilə silahlandırılması, öncə qeyd olunan helikopterlər, həmçinin hücum təyyarələri və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, havadakı müxtəlif hədəflərə qarşı mübarizənin effektivliyini artıracaq.
Bir hədəfi məhv etməyə çalışarkən, əvvəlki nəsil DZRK-lərin effektivliyi çox vaxt optik-istilik maneə qoymayan aviasiya vasitələrini məhvetmə ehtimalı ilə məhdudlaşırdı. Müsahibədən göründüyü kimi, yeni kompleks, belə bir məhdudiyyəti “aşır”. Buna görə, yeni DZRK ordunun HHM heyətləri üçün yeni perspektivlər açır.
Həmçinin, general Salyukovun sözlərinə görə, atıcı-zenitçi manqaları üçün “Tayfun-PVO” döyüş maşını, yeni “Pantsir-SM-SV” zenit raket-top kompleksi, kiçik ölçülü PUA-larla mübarizə vasitəsi olan 57 mm çaplı “Derivasiya-PVO” zenit artilleriya kompleksi kimi sistemlər tezliklə silahlanmaya qəbul edilə bilər.
Qeyd etmək lazımdır ki, həm müsahibədə, həm də açıq mətbuatda “Metka” DZRK-nin taktiki-texniki xassələri açıqlanmır.
Əhəd Əzizov