
Rusiya Ordusu T-80BVM tankları əldə edib
Rusiyanın Sialhlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Kantemirovskaya tank bölmələri modernləşdirilmiş T-80BVM tankları ilə təchiz edilib.
Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, QHD-nin tank bölmələri 10 ədəd modernləşdirilmiş T-80BVM döyüş texnikası əldə edib. Alabino təlim poliqonunda hərbi texnikanın təhvil verilmə mərasimi keçirilib.
Modernləşmə nəticəsində T-80BVM tankının bütün əsas xüsusiyyətləri, o cümlədən atış gücü, təhlükəsizliyi, manevr imkanları artırılıb. Habelə gündüz/gecə və məhdud görünmə şəraitində bütün növ silah-sursatın atəş dairəsi artırılıb.
Həmçinin tankın dinamik müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. T-80BVM müasir tank əleyhinə silahlardan zirehli mühafizə sistemi ilə təchiz olunub. Şassi təkmilləşdirilib.
Məlumatda o da qeyd olunub ki, gələn həftə modernləşdirilmiş T-80BVM tankların atış sınaqları keçiriləcək.