
Rusiya ordusu Ukraynanın Oleşki şəhərini ələ keçirib
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əllinci gününün xronikasını təqdim edir.
Aprelin 14-də Rusiya Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya qruplaşmasını genişləndirib, artilleriya bölmələrini gücləndirib, mövcud idarəetmə, kəşfiyyat və tibb sistemlərini optimallaşdırmaqda davam edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktur obyektlərinə sistemli şəkildə raket və bomba zərbələri endirməkdə davam edir.
Ukrayna Ordusunun Hərbi Hava Qüvvələrinin bölmələri Rusiya ordusunun işğal etdiyi Ukraynanın bir neçə yaşayış məntəqəsini azad edib.
Ukraynanın cənubunda, Nikolayev və Xerson istiqamətində Rusiyanın 54 hərbçisi və 8 hərbi texnikası məhv edilib. Sıradan çıxarılan texnikalar arasında 2 ədəd özüyeriyən artilleriya qurğusu, 1 ədəd yayılım atəşli reaktiv sistemi və 1 ədəd T-72 tankı olub.
Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri son sutka ərzində Rusiya silahlı qüvvələrinin 8 hücumunu dəf edib, 1 tankı, 4 zirehli maşını, 6 xasusi avtomobili, həmçinin 1 artilleriya sistemini məhv ediblər.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 160 təyyarəsini, 144 helikopterini, 753 tankını, 1968 zirehli texnikasını, 1437 hərbi avtomobilini, 366 artilleriya qurğusunu, 134 PUA-sını, 64 hava hücumundan müdafiə sistemini, 122 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19900 nəfər hərbiçisi öldürülüb.
ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığı zamanı Amerika lideri bu ölkəyə zirehli personal daşıyıcısı, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.
ABŞ müdafiə departamentinin nümayəndəsi bildirib ki, tezliklə bir sıra NATO ölkələri də Ukraynaya tankların göndərilməsini elan etmək niyyətindədirlər. Lakin həmin ölkələrin adı açıqlanmayıb.
Fransa Kiyevin yeni müraciətlərindən sonra Ukraynaya əlavə hərbi yardım göstərəcək. Qeyd edək ki, Fransa daha əvvəl Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım edib.
Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk aprelin 14-də əsirlərin 4-cü dəyişdirilməsinin baş tutduğunu bildirib. Belə ki, Ukraynanın 22 hərbçi və 8 mülki şəxsi azad edilib.
Rusiya ordusu gecə ərzində yüksək dəqiqlikli raketlərlə Ukraynanın 12 hərbi obyektini vurub. Velikaya Mixaylovka və Boqatır yaşayış məntəqələrində Ukrayna ordusunun 2 raket-artilleriya anbarı, “Dnepr” aerodromunda 1 MiQ-29 qırıcısı, 1 Mi-8 helikopteri və 1 “Bayraktar” PUA-sı məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 131 təyyarəsi, 104 helikopteri, 248 zenit-raket kompleksi, 241 yayılım atəşli reaktiv sistemi, 448 PUA-sı, 2188 tank və digər zirehli döyüş maşınları, 2088 xüsusi nəqliyyat vasitəsi, 957 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rusiya ordusu Xarkov şəhərini qismən mühasirəyə almağa və şəhəri artilleriyadan atəşə tutmağa, bölmələri yenidən qruplaşdırmağa və təchizatı artırmağa davam edib.
Rusiya qoşunları Mariupol şəhərinə bir neçə dəfə hücum etsələr də, heç bir uğura nail olmayıblar. Hazırda o istiqamətdə döyüşlər davam edir.
Rusiya silahlı qüvvələri Ukraynanın Oleksandrivka ərazisində döyüşlər aparıb, Osokorivka ərazisində itirilmiş mövqelərini bərpa etmək üçün Rusiyanın hücumları dirçəltmək cəhdləri müşahidə olunub.
Ukraynanın Oleşki şəhərinin meri Yevgeni Rişçuk bildirib ki, Rusiya ordusu Ukraynanın Xerson şəhərinə gedən yolun keçdiyi Oleşki şəhərinə daxil olublar. O, qeyd edib ki, yerli administrasiyanın binasında artıq Rusiya bayrağı asılıb. Rişçuk şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb, çünki orada Rusiya patrulları olacaq.
Ukraynada Ali Rada Rusiyanın Ukraynadakı müharibəsini xalqa qarşı soyqırım kimi tanıyan qətnamə qəbul edib. Ali Radanın 363 deputatı “Rusiya Federasiyası tərəfindən Ukraynada soyqırım” bəyanatı ilə bağlı qərarın lehinə səs verib.
Rizvan Fikrətoğlu