Rusiya pilotsuz sistemlərini UMEX 2024-də nümayiş etdirir
Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) 23-25 yanvar 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən 6-cı UMEX 2024 pilotusz sistemlərin sərgisində özünün yeni məhsullarını nümayiş etdirir.
Bu barədə “Poliqon” “Rosoboroneksport” şirkətinə istinadən xəbər verib.
Sərgi ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, bu gün “Rosoboroneksport” qlobal bazarın pilotsuz sistemlər seqmentinin bütün sahələrində mövcuddur: “Yerüstü sistemlərə robot mina təmizləmə sistemləri və robotlaşdırılmış döyüş maşınları daxildir. Ümid edirik ki, yaxın gələcəkdə kəşfiyyat və atəşə dəstək robotlarını, eləcə də döyüş sursatını daşımaq və yaralıları təxliyə etmək üçün yerüstü robotları təqdim etməyə başlayacağıq”.
Ötən il “Klavesin-1RE” avtonom sualtı platformasını təqdim etdiklərini xatırladan Aleksandr Mixeyev, daha sonra “Rosoboroneksport”un pilotsuz uçuş aparatları seqmentində nümayiş etdirdiyi geniş məhsul çeşidindən danışıb.
““Rosoboroneksport” real döyüş əməliyyatlarında öz xüsusiyyətlərini təsdiqləyən “Orlan-10E”, “Orlan-30” və “Orion-E” kəşfiyyat və kəşfiyyat-zərbə pilotsuz sistemlərinin, “Kub-E” süzən sursatlarının ixracını uğurla davam etdirir. Döyüş meydanından gələn rəylər nəzərə alınmaqla modernləşdirilmiş nümunələri, eləcə də yeni məhsulları bazara çıxarmaq üçün rus istehsalçıları ilə fəal işləyirik”, – deyə “Rosoboroneksport”un baş direktoru vurğulayıb.
UMEX 2024 sərgisi zamanı “Rosoboroneksport” Rusiyanın inkişaf etmiş pilotsuz sistemlərinin təqdimatlarını keçirəcək, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin və Yaxın Şərq regionundakı digər ölkələrin nümayəndələri ilə bu sahədə əməkdaşlığa dair bir sıra görüşlər reallaşdıracaq.