Rusiya Quru Qoşunları yeni zirehli texnikalarla təchiz olunacaq

Rusiya Quru Qoşunları yeni zirehli texnikalarla təchiz olunacaq

2022-ci ildə Rusiya Quru Qoşunlarına yeni zirehli texnikalar daxil olacaq.

“Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə qoşunlar müxtəlif iqlim zonalarında özünü doğrultmuş 400-dən çox zirehli texnika alacaq.

Məlumatda söhbət T-72B3M, T-80BVM və T-90M “Prorıv” tanklarından, BMP-3 piyadanın döyüş maşınlarından (PDM), həmçinin “Berejok” döyüş modulu ilə təkmilləşdirilmiş BMP-2 PDM-lərdən, eləcə də BTR-82A zirehli transportyorlarından gedir.

Qeyd edək ki, ardıcıl ikinci ildir ki, məlumatda “Armata”, “Bumeranq” və “Kurqanets” platformalarında zirehli texnikanın tədarükü ilə bağlı məlumat yer almır, baxmayaraq ki, əvvəllər seriyalı istehsalın 2022-ci ildə başlanacağı bildirilirdi. Çox güman ki, yeni zirehli texnikanın tədarükü daha sonra açıqlanacaq.

Məlumatda çatdırılması planlaşdırılan zirehli texnikanın sayı barədə də bilği verilmir. Lakin Rusiyanın yüksək rütbəli hərbçilərinin daha əvvəllər verdikləri açıqlamalara əsasən, tankların illik tədarükü 200 ədədə qədər olmalıdır, lakin modellər üzrə bölgü yoxdur. Ancaq xəbərdə T-90 tanklarının ​​əsasən Cənub və Qərb hərbi dairələrinə, T-80BVM tanklarının Şimal donanmasına və Şərq hərbi dairəsinə göndəriləcəyi, təkmilləşdirilmiş T-72B3 tanklarının isə Mərkəz hərbi dairəsinin zirehli texnika parkının əsasını təşkil edəcəyi barədə məlumatlar yer alıb.

Xatırladaq ki, 2021-ci il ərzində Rusiya Müdafiə Nazirliyi ümümilikdə təxminən 200 ədəd, o cümlədən 90 ədəd T-72B3 və T-72B3M tanklarının, 80 ədəd T-80BVM tanklarının və miqdarı göstərilməyən T-90 tanklarının üstünlük təşkil etdiyi 800 ədədə yaxın zirehli texnikanın tədarükünü elan edib. Bundan başqa, hissə və birləşmələrə 120 ədəddən çox BMP-3 PDM, 280 ədəddən çox “Berejok” döyüş modullu BMP-2 PDM, həmçinin 300 ədədə yaxın BTR-82A və BTR-82AM zirehli transportyorları çatdırılıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS