Rusiya S-500 ZRS-ləri silahlanmaya qəbul etməyə başlayıb
Rusiya Ordusu S-500 “Prometey” zenit-raket sistemlərini silahlanmaya qəbul etməyə başlayıb.
“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
S-500 “Prometey” (və ya 55R6M “Triumfator-M”) Rusiyanın “Almaz-Antey” hava-kosmik müdafiə konserni tərəfindən hazırlanmış ZRS-dir. Yeni nəsil ZRS kimi, bu sistemdə ballistik və aerodinamik hədəflərin məhv edilməsi tapşırıqlarının ayrıca həlli prinsipi tətbiq edilib. Sistemdə işləmək üçün mütəxəssislərin hazırlanmasına 2017-ci ildən başlanılıb. S-500 “Prometey” ZRS, S-400 “Triumf” kompleksini əvəz etmək üçün hazırlanıb. Yaradıcıların fikrincə, sistem yaxın 25 il ərzində təyyarə və raketlərlə mübarizə üçün təsirli bir vasitə olacaq.
S-500 “Prometey” ZRS-nin əsas tapşırığı orta mənzilli ballistik raketlərin və zəruri hallarda uçuş mənzillərinin son hissəsində qitələrarası ballistik raketlərin məhv edilməsidir. Bundan başqa, sistem hipersəsli uçuş aparatlarını, təyyarələri və pilotsuz uçuş aparatlarını məhv etmək imkanına malikdir. Sistemin məhv etmə radiusu təxminən 600 km-dir. S-500 ZRS=nin əsas funksiyası isə 3500 km-ə qədər fəaliyyət radiusuna malik orta mənzilli ballistik raketlərlə mübarizə aparmaqdır.
Rizvan Fikrətoğlu