
Rusiyanın “Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) baş direktoru Vadim Badexa beşinci nəsil Su-57 qırıcısına beynəlxalq bazarda ciddi marağın olduğunu açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Vadim Badexa TASS informasiya agentliyinə müsahibəsində deyib.
Əvvəlcə pilotsuz uçuş aparatları ilə bağlı sualı cavablandıran baş direktorun sözlərinə görə, bu gün UAC-ni ağır PUA seqmenti maraqlandırır: “Hazırda kütləvi şəkildə tətbiq olunan sistemlərin əksəriyyəti bizim fəaliyyət istiqamətimizə tam uyğun deyil. Ağır taktiki PUA-lar sahəsində yaxşı nəticələr əldə etmişik və rəqiblərdən geri qalmırıq. İstifadə olunan və ya sınaqların son mərhələsində olan bir sıra layihələrimiz mövcuddur. Müasir silah sistemləri PUA-larla dərin inteqrasiya olunub. Döyüş aviasiyası üzrə bütün işlərimiz pilotsuz platformalarla qrup şəklində fəaliyyət göstərə bilən şəbəkəmərkəzli sistemlərin yaradılmasına yönəlib”.
V.Badexa Su-75 “Checkmate” təyyarələri barədə bildirib ki, müasir, bir mühərrikli, beşinci nəsil qırıcının istehsalına başlamaq UAC üçün çox vacibdir. Çünki müxtəlif səbəblərdən Rusiya son onilliklərdə bu bazardan uzaqlaşıb. Halbuki SSRİ dövründə on minlərlə bir mühərrikli döyüş təyyarəsi istehsal olunub. “Checkmate” layihəsi artıq prototipin inşası mərhələsindədir. Təyyarə həm Rusiya Müdafiə Nazirliyi, həm də xarici sifarişçilər üçün hazırlanır və bu platformanın potensialı kifayət qədər böyükdür.
“Tədarük müddətləri sifarişçilərlə işimizin nəticələrindən, onların maraq və tələblərindən asılı olacaq. Müdafiə Nazirliyi son məhsulun dəyərinin azaldılması vəzifəsini qarşıya qoyur. Bir mühərrikli təyyarənin əsas üstünlüyü həm özünün, həm də istismarının daha ucuz başa gəlməsidir. Bu gün Müdafiə Nazirliyi üçün bu amil böyük əhəmiyyət daşıyır. Biz bu qaydalara uyğun işləməyə hazırıq”, – deyə baş direktor vurğulayıb.
Daha sonra Su-57 haqqında danışan V. Badexa, hazırda bu qırıcıların real döyüş əməliyyatlarında iştirak etdiyini və üstünlüklərini təsdiqlədiyini diqqətə çatdırıb: “Təbii ki, xarici sifarişçilərimiz bunu görürlər. Hərbi-texniki əməkdaşlıq xətti üzrə beynəlxalq bazarda bu təyyarəyə çox ciddi, hətta partlayış xarakterli tələbatın yaranması da bununla bağlıdır. Biz artıq ilk xarici sifarişçilərə tədarükləri həyata keçirmişik. İmzalanmış qəti müqavilələr də var, imzalanma mərhələsində olan müqavilələr də. Bu təyyarə üzrə bizimlə əməkdaşlıq edən bir neçə ciddi sifarişçi mövcuddur. Təyyarədə ənənəvi üstünlüklərimizi – geniş modernizasiya potensialını, etibarlılığı və münasib qiyməti qoruyub saxlaya bilmişik ki, müştərilərimiz də bunu yüksək qiymətləndirirlər”.
Su-57-nin nə vaxt tam şəkildə beşinci nəsil mühərrikə keçəcəyi sualına isə baş direktor, bu gün onun beşinci nəsil qırıcıya qoyulan bütün tələblərə tam cavab verdiyini bildirib: “Növbəti mərhələnin mühərriki “İzdelie 177”dir. Su-57-nin bu mühərriklə təchiz edilməsindən təyyarə üçün zəruri bir addım kimi deyil, əldə edəcəyimiz əlavə imkanlar kimi danışmaq lazımdır. Hesab edirik ki, bu, yaxın illərdə baş verəcək”.
V.Badexa “İzdelie 177”nin hazırda sınaq mərhələsində olduğunu və bu mühərriklə ilk uçuşun artıq həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, mühərrik özünü çox yaxşı tərəfdən göstərib və uçuş uğurla başa çatıb: “Mühərrik normal rejimdə işləyib və nəzərdə tutulan göstəriciləri təsdiqləyib. Hazırda sınaqlar davam edir, daha sonra isə tədarüklərə başlanacaq. Bu mühərrikin quraşdırılması üçün təyyarənin konstruksiyasında dəyişiklik etməyə ehtiyac yoxdur”.
O, hazırda xarici müştərilərin Rusiya isetehsalı olan hansı qırıcı modellərinə daha çox maraq göstərdiyini də açıqlayıb.
“Hazırda ən çox tələbat olan iki qırıcı var: Su-57 və Su-35. Su-57 haqqında artıq danışdım. Su-35 isə 4++ nəsil qırıcıdır. Onu, belə demək mümkünsə, “işçi atı” adlandırmaq olar. Bu təyyarə hazırda, o cümlədən xüsusi hərbi əməliyyat zamanı ən geniş istifadə olunan platformalardan biridir. Qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirir. Çox effektiv, qabaqcıl və müasir aviasiya vasitəsidir”, – deyə Vadim Badexa qeyd edib.




