
Rusiya Tacikistana hərbi texnika partiyasını təhvil verib
Əfqanıstanla sərhədi gücləndirmək üçün Rusiya Tacikistana hərbi texnika partiyasını təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Tacikistanın cənub sərhədlərinin “Taliban” terror qruplaşmasının nəzarətində olması səbəbindən buradakı vəziyyət çox narahatlıq doğurur. “Taliban”çıların özləri başqa dövlətlərə girməyəcəklərini iddia etsələr də, bu, Orta Asiya regionunun taleyi ilə bağlı qorxuları aradan qaldırmır.
ABŞ Silahlı Qüvvələrinin Əfqanıstan ərazisindən çıxarılmasından sonra Mərkəzi Asiya regionunda vəziyyət daha da qeyri-sabitləşib. Buna görə də Əfqanıstanla sərhədi gücləndirmək üçün Rusiya silah və hərbi texnikaların partiyasını Tacikistana təhvil verilib.
Tacikistan tərəfinə verilən silah-texnikalara 12 ədəd BRDM-2M təkmilləşdirilmiş zirehli kəşfiyyat-dozor maşını, zirehli texnikalar üçün ehtiyat hissələr və atıcı silahlar, həmçinin radiasiya, kimyəvi və bioloji müdafiə vasitələri aiddir.
Bu tədarük Rusiya və Tacikistan prezidentləri arasındakı razılaşmalara uyğun olaraq təmannasız həyata keçirilib. Təhvil-təslimin mərasimi Düşənbədə baş tutub.
Əhəd Əzizov