
Rusiyanın “Birləşmiş Aviasiya Korporasiyası” (UAC) tandem oturacaqlı Su-57D qırıcı təyyarəsinin uçuş sınaqlarına başlayıb.
“Poliqon” UAC-yə istinadən xəbər verir ki, Su-57D qırıcısının prototipi ilk uçuşunu tapşırığın şərtlərinə uyğun olaraq normal rejimdə həyata keçirib.
Təyyarə ilə bağlı fikirlərini bölüşən Rusiya Baş nazirinin birinci müavini Denis Manturov bildirib ki, UAC mütəxəssislərinin təşəbbüsü ilə hazırlanmış bu qırıcı unikal döyüş xüsusiyyətləri ilə yanaşı, həm də təlim-döyüş təyyarəsi funksionallığına və döyüş idarəetmə təyyarəsi imkanlarına malik olacaq.
Öz növbəsində “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa, UAC-nin Su-57 təyyarəsinin təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi üzərində işləri davam etdirdiyini vurğulayıb: “Əminəm ki, təyyarənin tandem oturacaqlı versiyası Su-57-nin xarici bazarlarda uğuruna ciddi töhfə verəcək”.







