Rusiya-Ukrayna müharibəsinin altımış ikinci günü – XRONİKA
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin altımış ikinci gününün xronikasını təqdim edir.
Aprelin 26-da Rusiya ordusu cəbhə xəttinin bütün istiqamətlərində Ukraynaya hücuma keçib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Ukrayna ordusu son sutkada Rusiya hərbçilərinin Donetsk və Luqansk vilayətlərində 6 hücumunun qarşısını alıb, 4 tank, 5 artilleriya sistemi, 13 zirehli texnika, 15 xüsusi avtomobil, 2 yanacaqdaşıyan maşın, 1 zenit qurğusu məhv edilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sosial media hesabında bildirilib ki, Ukrayna HHQ bölmələri bir gündə Rusiyanın 3 hərbi təyyarəsini və 3 qanadlı raketini vurub. Bundan başqa, Xarkovda Rusiyanın daha bir Ka-52 “Alliqator” helikopteri vurulub.
Ukrayna hərbçiləri Xerson vilayətinin Bolşaya Aleksandrovka yaşayış məntəqəsində Rusiyanın silah-sursat anbarını dağıdıb və 70-dən çox şəxsi heyətini zərərsizləşdirib.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 184 təyyarəsini, 154 helikopterini, 918 tankını, 2308 zirehli texnikasını, 1643 hərbi avtomobilini, 416 artilleriya qurğusunu, 205 PUA-sını, 69 HHM sistemini, 149 yaylım atəşli reaktiv sistemini, 31 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 22100 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu günə qədər Rusiya hərbçilərindən azad edilən şəhər və kəndlərin sayını açıqlayıb. Dövlət başçısı qeyd edib ki, ümumilikdə 931 yaşayış məntəqəsi azad edilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, gecə ərzində Rusiya Hərbi-Kosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası, Silahlı Qüvvələrin raket və artilleriya qoşunları Ukraynanın 87 hərbi obyektini vurub. Onların arasında canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 79 ərazidə Ukraynanın 59 zirehli texnikası məhv edilib 500-ə yaxın hərbi qulluqçusu öldürülüb. Bundan əlavə, Vesyoloye və Prişib rayonlarında Buk-M1 və “Osa” AKM ZRK-nin 2 buraxılış qurğusu, həmçinin Novoselovka və Slavyansk qəsəbələri ərazilərində sursat anbarı məhv edilib.
Bundan başqa, Rusiya qoşunları Mariupoldakı “Azovstal” zavodunun ərazisinə 35 hava zərbəsi endirib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə Novıy Mir, Oçeretino Mirnoye, Donetsk, Novolyubovka, Balakliya, Kazaçya Lopan yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 13 PUA vurulub. Habelə, HHM bölmələri “Buk-M1” ZRK ilə Zaporojye vilayətində Ukraynanın 2 “Toçka-U” raketini zərərsizləşdirib.
Rusiyanın Hərbi-Kosmik Qüvvələri yüksək dəqiqlikli hava raketləri ilə Ukraynanın 4 hərbi obyektini, o cümlədən canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 2 ərazini, eləcə də Xarkov vilayətinin Kurulka və Novaya Dmitrovka rayonlarında 2 sursat anbarını vurub.
Barvenkovo qəsəbəsi ərazisində Ukraynaya məxsus 2 S-300 ZRS, 1 “Toçka-U” taktiki raket buraxılış qurğusu və elektron döyüş stansiyası məhv edilib. Bundan əlavə, Rusiyanın raket və artilleriya qoşunları Ukrayna Ordusunun 37 komanda məntəqəsini, 114 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 983 ərazini, Ukrayna artilleriyasının 139 mövqeyini və 21 sursat anbarını vurub.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 141 təyyarəsi, 110 helikopteri, 272 ZRK-si, 292 YARS-ı, 589 PUA-sı, 2588 tankı və digər zirehli döyüş maşınları, 2403 xüsusi nəqliyyat vasitəsi, 1124 artilleriya qurğusu və minaatanı məhv edilib.
Müttəfiq ölkələr tərəfindən Ukraynaya hərbi yardım davam edir. ABŞ-ın Almaniyanın “Ramstein” hərbi bazasında NATO-ya üzv dövlətlər də daxil olmaqla 40-dan artıq ölkənin müdafiə nazirlərinin iştirakı ilə təhlükəsizlik konfransı keçirilib. Konfransda Rusiyanın hərbi qüvvələrinə qarşı çıxmaq üçün Ukraynanın silah ehtiyacları müzakirə edilib. Konfransda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb. Toplanan 5 milyard dolların 3,7 milyardını ABŞ administrasiyası ayırıb. Konfransda çıxışı zamanı Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım proqramı çərçivəsində “Gepard” zenit-top kompleksi tədarük edib.
Ukrayna mətbuatın yazdığına görə, ABŞ tərəfindən atış uzaqlığı 300 km olan M142 HİMARS YARS-ı Ukraynaya çatdırılıb.
Polşanın Baş naziri Mateuş Moravetski hərbi yardım çərçivəsində Ukraynaya döyüş tankları tədarük edildiyini təsdiqləyib.
Rizvan Fikrətoğlu