Rusiya-Ukrayna müharibəsinin altımış üçüncü günü – XRONİKA
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin altımış üçüncü gününün xronikasını təqdim edir.
Aprelin 27-də Ukrayna Silahlı Qüvvələrinin bölmələri Nikolayev vilayətində Şirokoe, Novopetrovka və Lyubino kəndlərini tam nəzarətə götürüb.
Ukrayna ordusu Donetsk və Luqansk vilayətlərində Rusiyanın 9 hücumunun qarşısını alıb, 9 tankı, 11 artilleriya sistemi, 21 zirehli texnikası,19 avtomobili texnikası, 4 yanacaqdoldurma maşını və 1 zenit qurğusu məhv edilib. Həmçinin, bu gün səhər Dnepropetrovsk vilayətində Rusiya helikopteri vurulub.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri gün ərzində Rusiya Ordusunun 1 təyyarəsini, 1 helikopterini, 21 tankını, 34 zirehli texnikasını, 23 hərbi avtomobilini, 5 artilleriya qurğusunu, 2 PUA-sını, 2 hava hücumundan müdafiə (HHM) sistemini məhv edib, 300 hərbiçisini öldürüb.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 185 təyyarəsini, 155 helikopterini, 939 tankını, 2342 zirehli texnikasını, 1666 hərbi avtomobilini, 421 artilleriya qurğusunu, 207 pilotsuz uçuş aparatını (PUA), 71 HHM sistemini, 149 yaylım atəşli reaktiv sistemini (YARS), 31 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 22100 nəfər hərbiçisi öldürülüb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqində hücumlarını artırır. Rusiya Hərbi-Kosmik Qüvvələrinin əməliyyat-taktiki aviasiyası son 24 saat ərzində Donetsk və Xarkov vilayətlərindəki müxtəlif hədəfləri vurmaq məqsədilə 138 uçuş həyata keçirib. Yüksək dəqiqlikli hava raketləri ilə Ukraynanın 17 hərbi obyekti vurulub. Rusiya qoşunları Mariupola aviazərbələr endirməkdə davam edib.
Rusiya Silahlı Qüvvələrinin bölmələri gün ərzində, ümumilikdə, Ukrayna ordusunun 1 helikopterini, 3 ZRK-sini, 5 YARS-ını, 20 PUA-sını, 28 tankı və digər zirehli döyüş maşınlarını, 23 xüsusi nəqliyyat vasitəsini, 15 artilleriya qurğusu və minaatanını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 141 təyyarəsi, 111 helikopteri, 275 ZRK-si, 297 YARS-ı, 609 PUA-sı, 2616 tankı və digər zirehli döyüş maşınları, 2426 xüsusi nəqliyyat vasitəsi, 1139 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rusiya qoşunları tərəfindən Ukraynanın hərbi vasitələri və ölkə daxilindəki logistika infrastrukturu hədəf alınmaqda, Ukraynanın “Azovstal” zavodu ərazisindəki müdafiə qüvvələrinin mühasirədə saxlanılması davam edir.
Rusiya Belqorod vilayətinin yaşayış məntəqələrindən Ukraynanın İzyum şəhəri ərazisinə 76-cı desant-hücum diviziyasının tərkibindən 2 tabor köçürüb. Bundan başqa, Rusiya Belqorod vilayətində 2 diviziya “İsgəndər-M” raketi yerləşdirib.
Qərbin Ukraynaya hərbi dəstəyi davam edir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, müharibədə yeni mərhələ başlayıb, Ukrayna ordusu NATO silahlarına keçir. Xarici işlər naziri qeyd edib ki, bununla bağlı Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Cozef Bayden arasında danışıqlar da olub. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.
Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək texnologiyalı “Brimstone” raketləri ilə təmin edə biləcək. Qeyd edək ki, 49 kiloqramlıq “hava-yer” tipli “Brimstone” raketləri ikili izləmə sisteminə malikdir. Həm lazer, həm də radarla idarə olunur. Bir raketin dəyəri 263 000 ABŞ dolları dəyərində qiymətləndirilir.
Norveç Ukraynaya silahlanması üçün yeni maliyyə yardımı ayıracaq. Xatırladaq ki, daha əvvəl Norveç Ukraynaya 4 min M72 tank əleyhinə raket və 100-ə yaxın “Mistral” daşınan zenit-raket kompleksi və avadanlıq təhvil verib.
ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın tədarükü və çatdırılmasını optimallaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığının məsuliyyətində nəzarət mərkəzi yaradıb. Nəzarət mərkəzində ABŞ ilə yanaşı, 15 başqa ölkədən də işçilər çalışacaq.
Rizvan Fikrətoğlu