
Rusiya-Ukrayna müharibəsinin doqquzuncu günü – XRONİKA
Fevralın 24-də Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin doqquzuncu gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, martın 4-də Rusiya qoşunları əsas səylərini Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədib. Ukrayna artilleriyası Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını vurub. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib.
– Müqavimətin doqquzuncu günü Rusiya ordusu Xarkovu şimaldan mühasirəyə alıb. Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedib. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.
– Martın 4-ü səhər saatlarında Rusiya qoşunları Ukraynanın cənubundakı Nikolayev şəhərinə daxil olub. Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.
– Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın Su-25 qırıcı təyyarəsini vurublar. Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında (AES) yanğın başlayıb. Enerqodardakı Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb. Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb. Bununla yanaşı, Rusiya Çerniqov vilayətində texnika karvanını və Volnovaxa yaxınlığında bir təyyarəni itirib.
– ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ukrayna ərazisinə Rusiyanın Ukraynaya gətirdiyi mobil buraxılış qurğularından 230 raket, Rusiya ərazisindən 160, Belarusdan 70 və Qara dənizdəki Rusiya gəmilərindən 10 raket buraxılıb.
– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 33 təyyarəsini, 37 helikopterini, 251 tankını, 939 zirehli texnikasını, 404 hərbi avtomobilini, 105 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 18 hava hücumundan müdafiə sistemini, 42 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 9166 nəfər hərbiçisi öldürülüb və 200 nəfərdən çox hərbçisi əsir götürülüb.
– Ukrayna Prezident Ofisindən bildirilib ki, fevralın 24-dən martın 4-dək Rusiyanın hücumu nəticəsində 24 uşaq ölüb, 64-ü yaralanıb.
– Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbi əməliyyatların başlandığı tarixdən bu günə qədər Ukraynada 1812 hərbi obyektə zərbə endirilib, 62 təyyarə, 635 tank, 56 S-300, “Buk-M-1” və “Osa” ZRK, 54 PUA sıradan çıxarılıb. Ukraynanın Enerqodar şəhəri və Zaporojye şəhəri nəzarətə götürülüb.
– NATO ölkələrinin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə Alyansın mənzil qərargahında görüşü keçirilib. XİN başçıları Ukraynadakı son vəziyyəti müzakirə ediblər. Fövqəladə iclasda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edib. NATO-nun Baş katibi Yens Stoltenberq görüşdə bildirib ki, Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır. Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb. Baş katib qeyd edib ki, Alyans Rusiyaya ağır sanksiyalar tətbiq edir, Putin addımlarına davam etsə, daha ağır sanksiayalarla üzləşəcək.
– BMT İnsan Haqları Şurasında Rusiyanın Ukraynaya hücumunu araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Bu gün, həmçinin, “Böyük Yeddilik” (G7) ölkələri Rusiya qazından imtinanın zəruriliyi ilə bağlı razılığa gəliblər.
– Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqında (Aİ) yaşamaq və işləmək hüququ əldə edəcəklər. Qeyd olunub ki, bir həftə əvvəl Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib. Belə ki, onların yarıdan çoxu (454 min nəfər – Red) Polşaya, 116 min nəfəri Macarıstana, 67 min nəfəri Slovakiyaya, 45 min nəfəri Rumıniyaya, 79 min nəfəri isə Aİ-yə daxil olmayan Moldovaya gedib. Aİ Ukrayna vətəndaşlarına və ölkə sakinlərinə sığınacaq prosedurlarından keçmədən dərhal bir ilədək yaşamaq, işləmək, tibbi xidmət almaq, mənzil almaq və təhsil almaq hüququnu verib.
– ABŞ Konqresinə Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan enerji idxalını qadağan edən qanun layihəsi təqdim edilib. Qanun layihəsinə görə, ABŞ Prezidenti Rusiyadan xam neft, neft məhsulları, LNG və kömür idxalına tam qadağa elan etməlidir. Həmçinin, ABŞ-ın Ticarət Nazirliyi Ukrayna ətrafında ixracata nəzarət rejimini sərtləşdirmək üçün Rusiya ilə əlaqəsi olan 91 təşkilat və fiziki şəxsə sanksiya tətbiq edib. Sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib. Qalanları isə Rusiyadan xaricdə, Beliz, Böyük Britaniya, İspaniya, Qazaxıstan, Latviya, Malta, Sinqapur, Slovakiya və Estoniyada qeydiyyata alınıblar.
– Cənubi Koreya Respublikası ABŞ-ın “qara siyahısı”na düşən Rusiyanın 49 təşkilatı və şirkətinə ixracat məhdudiyyətinin tətbiqi ilə bağlı qərar qəbul edib. Bildirilib ki, sanksiya tətbiq edilənlər siyahısına Rusiyanın Müdafiə Nazirliyi də daxildir. Məlumata görə, Cənubi Koreyanın Rusiya ilə ticarət etmək istəyən hüquqi şəxsləri xüsusi lisenziya almalıdır.
– Bu gün Ukraynadan 1000-dən çox azərbaycanlının Rumıniyaya, 200-ə yaxın azərbaycanlının Ukraynanın Xarkov şəhərindən Polşaya təxliyəsi həyata keçirilib. Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb. Bununla da sayca 6-cı aviareys həyata keçirilib və Ukraynadakı vəziyyətlə əlaqədar ümumilikdə 1100 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi də həyata keçirilib və 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı evakuasiya olunub. Həmçinin, Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri – Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.
Rizvan Fikrətoğlu