Rusiya-Ukrayna müharibəsinin dördüncü günü – XRONİKA

Xəbər verdiyimiz kimi fevralın 24-də səhər tezdən Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı xüsusi hərbi əməliyyatlara başladıqlarını elan edib. Rusiya silahlı qüvvələri Ukrayna şəhərlərini, hərbi obyektlərini atəşə tutmağa başlayıb, paralel olaraq hava və quru əməliyyatları həyata keçirilir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin dördüncü gününün xronikasını təqdim edir.
27 fevral saat 00:00-dan etibarən Rusiya qoşunları Ukrayna ərazisinə 5 hərbi aviasiya zərbəsi və 16 raket zərbəsi endirib. İşğalçı qüvvələrin cəmləşdiyi başqa bir mərkəz Belarus idi. Belarus Prezidenti Aleksandr Lukaşenko münaqişə başlayandan Belarus ərazisindən Ukraynaya 2-3 raket zərbəsi endirildiyini etiraf edib.
Rusiya qoşunları Kiyev, Xarkov, Berdyansk, Xerson, Çernoqov və Sumı şəhərlərinə hücum əməliyyatları həyata keçirib, Geniçevsk şəhəri və Xerson yaxınlığındakı “Çernobaevka” aerodromu da nəzarətə götürülüb.
Müxtəlif hücum əməliyyatlarına baxmayaraq, Ukraynanın paytaxtı güclü müdafiə olunub. Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri üzərində Rusiya Silahlı Qüvvələrinə məxsus iki ədəd İL-76 təyyarəsini vurub. Bu gün səhər yerli vaxtla saat 09:15 radələrində Kiyev şəhərinin Troeşina rayonuna, vilayətin Buçe şəhərinə raket zərbəsi endirilib. Nəticədə yaşayış binalarına ciddi zərər dəyib. Bundan başqa Ukrayna Silahlı Qüvvələri Baş Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Belarus ərazisində Kiyev istiqamətində atılan uzaq mənzilli qanadlı raket Ukrayna Hava Hücumundan müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Ukraynanın paytaxtı Kiyevin Darnitsa rayonu istiqamətində şəhərə hücum edən Rusiya Silahlı qüvvələrinə məxsus tanklardan ibarət hərbi karvan pilotsuz uçuş aparatı vasitəsi ilə məhv edilib.
Günün əvvəli Rusiya Ordusunun hərbi bölmələri Ukraynanın Xarkov şəhərinə daxil olub. Ukrayna hökuməti Xarkovda vəziyyətin çox gərgin olduğunu, bu vəziyyətdə mülki əhaliyə sığınacaq yerlərini tərk etməməyi, evdə qalmağı, şəhərin küçələrinə çıxmamağı tapşırıb. Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin “Buk M-1” zenit-raket kompleksi ilə təchiz edilmiş 302-ci zenit-raket alayının könüllü təslim olduğunu, Rusiya hərbçilərinin 471 ukraynalını saxladığını bildirib. Xarkovun müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko həlak olub. Günün ikinci yarısı Ukrayna Xarkovu nəzarətə götürüb. Şəhər Ukrayna Silahlı Qüvvələri, Milli Polis və Terrordan müdafiə qüvvələri tərəfindən təmizlənib.
Ukraynanın Qostomel şəhərində Rusiyanın yüngül zirehli texnikası, piyadaların döyüş və təchizat maşınları artilleriya zərbələri nəticəsində məhv edilib. Qostomel aerodromu uğrunda döyüşlər Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin ilk günündən davam edir. Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.
Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 975 hərbi obyektini vurub. Ukraynanın 14 ədəd hərbi aerodromu, 23 ədəd komanda məntəqəsi, 31 ədəd S-300, “BuK M-1” və “Osa” zenit-raket kompleksi (ZRK), 48 ədəd radar stansiyası, 36 ədəd döyüş təyyarəsi, 7 ədəd helikopteri, 11 ədəd pilotsuz uçuş aparatı, 223 ədəd tank və digər zirehli döyüş maşınları, 39 ədəd reaktiv yaylım atəşi sistemi, 143 ədəd xüsusi təyinatlı hərbi texnikası, 86 ədəd artilleriya qurğusu və minaatanı, 2 ədəd “Toçka-U” taktiki raketi, eləcə də 8 ədəd döyüş kateri məhv edilib.
Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın 27 ədəd təyyarəsi, 26 ədəd helikopteri, 146 ədəd tankı, 706 ədəd zirehli döyüş maşını, 49 ədəd topu, 1 ədəd “Buk” ZRK-sı, 30 ədəd hərbi avtomobili, 40 ədəd tankini, 2 ədəd gəmi/qayığı məhv edilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh və danışıqlara hazır olduğunu, lakin, Ukraynaya qarşı təcavüzkar hərəkətlər etdiyindən dolayı danışqların Belarusun Minsk şəhərində deyil, digər şəhərlərdə keçirilməsinə razılığını ifadə edib. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Rusiyaya daha təhlükəsiz şəhərlər olan Bakı, İstanbul, Budapeşt, Varşavanı və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhərləri təklif edib. Zelenski Rusiya Ordusu tərəfindən Ukraynada mülki yaşayış məntəqələrinin, infrastrukturun, uşaq bağçalarının, hətta təcili yardım maşınlarının bombalanmasını, artilleriya qurğularından də atəş açılmasını bildirib.
Bır sıra dünya ölkələri Ukraynaya hərbi və humanitar yardım göstərib. Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrə 1000 ədəd tank əleyhinə idarə olunan raket və 500 ədəd “Stinger” daşınabilən zenit-raket kompleksi tədarük edilməsi qərarını təsdiqləyib. Belçika Ukraynaya kömək məqsədilə 2 min ədəd pulemyot, dəbilqələr və digər qoruyucu vasitələr və 3800 ton yanacaq tədarük edib. Müttəfiq ölkələr tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri üçün böyük partiya “hava-hava” tipli raketlər göndərilib.
BMT Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Quterreş telefon söhbəti zamanı ölkə əhalisinə humanitar yardımın göstərilməsini intensivləşdirməyə hazır olduğunu açıqlayıb. Baş katib beynəlxalq humanitar hüquqa hörmətin və mülki şəxslərin müdafiəsinin vacibliyini qeyd edib. Azərbaycan, Fransa, Latviya kimi bir neçə ölkələr isə Ukraynaya humanitar yardım çatdırıb.
Almaniya, İsveç, Belçika, İslandiya, Avstriya, İrlandiya və Danimarka da Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Bu ölkələrlə yanaşı bu günə qədər Bolqarıstan, Böyük Britaniya, Latviya, Litva, Polşa, Rumıniya, Sloveniya, Çexiya və Estoniya öz hava məkanlarını Rusiyaya bağlamaq barədə qərar qəbul ediblər.
Ukrayna və Rusiya nümayəndə heyətləri Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşmələri razılaşdırılıb. Volodimir Zelenski bildirib ki, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfəri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarə, helikopter və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məsələ ilə əlaqədar olaraq qeyd edib ki, Ukrayna Rusiya ilə danışıqlar nəticəsində geri çəkilmək və təslim olmaq niyyətində deyil. Ukrayna nümayəndə heyətinə Ukrayna Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxil edilib.
Ukraynanın Xarkov şəhərində küçə atışmaları zamanı azərbaycanlı gənc güllələnib. Odessa şəhərini tərk etmək istəyən azərbaycanlıların 8 avtomobildən ibarət maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Maşın karvanının atəşə tutulması nəticəsində 3 nəfər azərbaycanlı həlak olub. Rusiya-Ukrayna müharibəsi çərçivəsində indiyə kimi 7 nəfər azərbaycanlı öldürülüb.
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Azərbaycana qaytarılması və təhlükəsizliyi istiqamətində bir sıra addımlar atıb. Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın Azərbaycan vətəndaşı Moldova ərazisinə daxil olub. Daha 190 nəfər Polşa ərazisinə keçib. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb. Bolqarıstan Azərbaycan vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib. Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub. Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi ilə Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168, Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşın Azərbaycana gətirilməsi planlaşdırılıb.
Ukraynaya Prezidenti Volodimir Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarə Azərbaycandan havaya qalxıb. Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılıb. Həmçinin, bildirib ki, Prezident İlham Əliyev Ukraynaya neft məhsulları da göndərəcək. Bununla yanaşı Ukraynadakı “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələri 7/24 işləyəcək, təcili tibbi yardım və yanğınsöndürmə maşınlarını pulsuz yanacaqla təmin edəcək.
Rizvan Fikrətoğlu




