
Rusiya-Ukrayna müharibəsinin əlli altıncı günü – XRONİKA
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli altıncı gününün xronikasını təqdim edir.
Aprelin 20-də Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti əldə saxlayıblar. Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək Ukraynanın 934 yaşayış məntəqəsinin işğaldan azad edildiyini deyib. Onun sözlərinə görə, azad edilən yaşayış məntəqələrindən 435-də polis, 431-də yerli özünüidarəetmə və icra orqanları öz fəaliyyətini bərpa edib. 361 yaşayış məntəqəsində humanitar qərargahlar işə başlayıb.
Ukraynanın Xarkov vilayəti istiqamətində gedən döyüşlər nəticəsində Rusiya ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi ağır yaralanıb.
Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 1 təyyarəsini, 1 helikopterini, 6 pilotsuz uçuş aparatını, 12 tankını, 28 zirehli texnikasını, 2 xüsusi avtomobilini, 1 artilleriya sistemini, 1 qanadlı raketini məhv edib.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 171 təyyarəsini, 150 helikopterini, 815 tankını, 2087 zirehli texnikasını, 1504 hərbi avtomobilini, 391 artilleriya qurğusunu, 165 PUA-sını, 67 hava hücumundan müdafiə sistemini, 136 yayılım atəşli reaktiv sistemini, 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 20900 nəfər hərbiçisi öldürülüb.
Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın mülki vətəndaşlarından 2104 nəfər ölüb, 2862 nəfər yaralanıb.
Aprelin 20-də Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisinə nəzarəti tam ələ keçirmək məqsədi ilə şərq əməliyyat zonasından hücumu davam etdirib.
Rusiya silahlı qüvvələri Ukraynanın Slobojans istiqamətində yenidən qruplaşaraq ehtiyat toplayıb. Xarkov qismən mühasirəyə alınıb və şəhərin atəşə tutulması davam edib. Rusiya ordusu İzyum istiqamətində Suliqivkiyə və Dibrivneyə hücuma keçməyə cəhd göstərib. Ukraynanın Kreminna, Torska və Zelyonaya Dolina rayonlarında döyüşlər davam edib.
Rəsmi məlumata əsasən, Rusiya hərbçiləri Ukraynanın Luqansk vilayətinin 80%-ni ələ keçirib.
Gün ərzində Rusiya Hərbi-Kosmik Qüvvələri Ukraynanın 12 hərbi obyektinə idarə olunan raketlərlə zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Ukraynanın Xerson vilayətində yüksək dəqiqlikli raketlər vasitəsilə Ukrayna qoşunlarının 40-a qədər şəxsi heyəti və 7 hərbi texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 140 təyyarəsi, 104 helikopteri, 250 ZRK, 256 yayılım atəşli reaktiv sistemi, 253 zenit raket kompleksi, 496 PUA-sı, 2388 tank və digər zirehli döyüş maşınları, 2232 xüsusi nəqliyyat vasitəsi, 1029 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, xüsusi əməliyyatın başladığı 24 fevraldan indiyə qədər Ukrayna ordusunun şəxsi heyət itkisinin sayı 23367 nəfərdir.
Bu gün Kiyevdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş zamanı bildirilib ki, Avropa İttifaqı Ukraynaya əlavə 1,5 milyard avro hərbi yardım ayıracaq.
Belçika hökuməti Ukraynaya ağır silahlar və digər hərbi yardımlar etməyi nəzərdən keçirəcəklərini bəyan edib. Bu kontekstdə Ukraynaya zirehli texnika və artilleriya silahlarının göndərilməsinin gündəmdə olduğu bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna tərəfinin Rusiya hərbçilərinin əsirlikdən azad edilməsi müqabilində Rusiya tərəfinin Mariupolun müdafiəçiləri və mülki əhalisi üçün humanitar dəhliz təşkil etməsini təklif edib. Hazırda Ukrayna hakimiyyəti Kremldən cavab gözləyir.
Rizvan Fikrətoğlu