Rusiya-Ukrayna müharibəsinin əlli üçüncü günü – XRONİKA

Rusiya-Ukrayna müharibəsinin əlli üçüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli üçüncü gününün xronikasını təqdim edir.

Aprelin 17-də Ukrayna silahlı qüvvələri Xarkov vilayətində əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini azad edib, Malaya Roqan kəndi ərazisindən şərqə doğru irəliləyiblər.

Ukraynanın müdafiə qüvvələri Xarkov istiqamətində Rusiyanın 5 tank və 10 zirehli maşını olmaqla hərbi texnika karvanını məhv ediblər.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Svyatoqorsk və Kremennoy yaşayış məntəqələri arasında aktiv əks-hücumlar həyata keçirib. Əks-hücum əməliyyatları nəticəsində Rusiya hərbçiləri Kremennoy-Rubejnoe rayonlarından bir neçə kilometr şimal-şərq tərəfə doğru geri çəkiliblər.

Ukrayna ordusu şimal-şərq istiqamətində Oskol çayına doğru irəliləyərək, rusların İzyumdakı qruplaşmasının sol cinahına açıq təhlükə yaradıb.

Ukrayna Ordusunun bölmələri tərəfindən Donetsk vilayətində Rusiyanın dəyəri 100 min ABŞ dollar olan “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) vurulub.

Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 165 təyyarəsini, 146 helikopterini, 773 tankını, 2002 zirehli texnikasını, 1471 hərbi avtomobilini, 376 artilleriya qurğusunu, 148 PUA-sını, 66 hava hücumundan müdafiə sistemini, 127 yayılım atəşli reaktiv sistemini, 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 20300 nəfər hərbiçisi öldürülüb.

Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalıb. Rusiya qoşunları şəhərə hücumları davam etdirib, dinc sakinləri hədəf alıb, humanitar yardıma mane olublar. Rusiya ordusunun Xarkov şəhərinin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 20 nəfərə yaxın insan yaralanıb.

Rusiya silahlı qüvvələri tərəfindən gün ərzində Mariupola aviazərbələr endirilib, dəniz limanına hücumlar olub. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetsk və Luqansk istiqamətində Rusiya tərəfinin 10 hücumunu dəf edib.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Ordusunun bölmələri operativ-taktiki aviasiya vasitəsilə son sutka ərzində Ukraynanın 68 hərbi obyektini məhv edib.

Rusiya qoşunları Ukraynanın Severodonetsk rayonunda 1 “Osa AKM” zenit-raket kompleksini, 6 artilleriya qurğusunu və yanacaq anbarını vurub. Həmçinin Kremennaya, Krasnıy limanı, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 əraziyə zərbələr endirilib.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 136 təyyarəsi, 104 helikopteri, 249 zenit-raket kompleksi, 254 yayılım atəşli reaktiv sistemi, 471 PUA-sı, 2308 tank və digər zirehli döyüş maşınları, 2171 xüsusi nəqliyyat vasitəsi, 998 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Mariupoldakı “Azovstal” zavodunun ərazisində hazırda 400-ə qədər muzdlu döyüşçü mühasirəyə alınıb. Rusiya ordusu Ukraynada 1035 əcnəbi döyüşçünü məhv edib.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın əsas diqqəti Şərqi Ukraynaya yönəlib. Qeyd edək ki, Böyük Britaniya hökuməti Ukraynaya bir sıra iqtisadi, humanitar və müdafiə xarakterli hərbi yardım göstərir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS