
Rusiya-Ukrayna müharibəsinin əlli yeddinci günü – XRONİKA
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli yeddinci gününün xronikasını təqdim edir.
Aprelin 21-də Ukrayna ordusu Luqansk vilayətində Rusiya tərəfindən döyüşən əcnəbi muzdluların zərərsizləşdirilməsi üzrə uğurlu əməliyyat keçirib, Popasna uğrunda gedən döyüşlərdə liviyalı və suriyalılardan ibarət dəstəni məhv edib. Məhv edilmiş liviyalı və suriyalı dəstə nisbətən kiçik, yəni 20-25 nəfərdən ibarət olub.
Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri Rusiyanın 4 hava hücumunu dəf edərək 3 pilotsuz uçuş aparatını (PUA) və 1 qanadlı raketini sıradan çıxarıb. Donetsk və Luqansk vilayətlərində Rusiya ordusunun 1 tankı, 9 zirehli texnikası, 1 zenit-raket kompleksi və döyüş-sursat kompleksi məhv edilib.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 172 təyyarəsini, 151 helikopterini, 829 tankını, 2118 zirehli texnikasını, 1508 hərbi avtomobilini, 393 artilleriya qurğusunu, 166 PUA-sını, 67 hava hücumundan müdafiə sistemini, 136 yayılım atəşli reaktiv sistemini, 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 21000 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə qərar qəbul edib. Belə ki, hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb. Ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxil edilib. Bununla, Azərbaycanın Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirdiyini bildirib. Şoyqu, həmçinin, yaxın 3-4 günə “Azovstal” zavodunda əməliyyatı başa çatdıracaqlarını deyib. Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiyanın raket və artilleriya bölmələri gün ərzində Ukraynaya məxsus 450 hərbi obyekti məhv edib. O, hədəf alınan obyektlər arasında 14 komanda məntəqəsi, 429 istehkam, canlı qüvvə və texnikanın toplandığı yerlərin olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 140 təyyarəsi, 106 helikopteri, 254 ZRK, 266 yayılım atəşli reaktiv sistemi, 254 zenit raket kompleksi, 512 PUA-sı, 2422 tank və digər zirehli döyüş maşınları, 2274 xüsusi nəqliyyat vasitəsi, 1051 artilleriya qurğusu və minaatanı məhv edilib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, hazırda Ukrayna ərazisində 90 min Rusiya hərbçisi var. Onun sözlərinə görə, təqribən 22 min nəfər rus hərbçisi isə sərhədboyu ərazilərdədir.
Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə nəzarəti tam ələ keçirməyə cəhd göstərdiyi bildirilib. Məlumata görə, Volınsk, Siversk istiqamətində Rusiya hərbçilərinin fəallığı qeydə alınmayıb.
Rusiya hərbçiləri Xarkovu atəşə tutmasını və şəhəri mühasirəyə almağa cəhdini davam etdirib, Donetsk və Tavriya istiqamətində bütün təmas xətti boyunca ağır artilleriyadan atəş açıblar.
Müttəfiq ölkələr tərəfindən Ukraynaya hərbi yardım davam edir. Litva Ukraynaya dəyəri on milyonlarla avro olan minaatan partiyasını təhvil verib.
ABŞ 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatı, sahə avadanlığı və ehtiyat hissələri daxil olmaqla 800 milyon ABŞ dollar dəyərində yeni hərbi yardım göndərəcək.
Almaniya hökuməti Sloveniya vasitəsilə ilə T-72 tanklarını Ukraynaya göndərməyə hazırlaşır. Məlumata görə, Sloveniya Ukraynaya T-72 tanklarını göndərəcək, əvəzində isə Almaniyadan “Marder” piyadaların döyüş maşınlarını və “Fuks” zirehli transportyorlarını alacaq. Qeyd edək ki, daha əvvəl Almaniya Müdafiə Nazirliyi Kiyevə ağır silahlar verməyəcəyini bəyan etmişdi.
İspaniya və Danimarka baş nazirləri Pedro Sançezlə Mette Frederiksen Kiyev şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Danışıqlar zamanı hökumət başçıları Ukraynaya daha çox silah göndərməyi vəd ediblər. P.Sançez jurnalistlərlə söhbətində Ukraynaya əvvəlki yardımlara nisbətən artıq 200 ton hərbi ləvazimat və təchizat göndərəcəklərini bildirib. M.Frederiksen də Ukraynaya silah yardımını 600 milyon Danimarka kronu (87,6 milyon ABŞ dolları) artıraraq bütövlüklə 1 milyard krona çatdıracaqlarını qeyd edib.
Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Belə ki, Ukraynanın 2-si zabit olmaqla 10 nəfər hərbçisi və 9 nəfər dinc sakini azad olunub.
Rizvan Fikrətoğlu