Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi birinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin iyirmi birinci gününün xronikasını təqdim edir.

– Ukrayna Müdafiə Nazirliyi rəsmi olaraq təsdiq edib ki, martın 16-da Ukrayna silahlı qüvvələri Rusiya ordusuna qarşı bir neçə istiqamətdə əks-hücuma keçib.

– Ukraynanın 72-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri Kiyev vilayəti yaxınlığında rusların artilleriya karvanını məhv edib. Kiyevin Şevçenko rayonunda isə Rusiya ordusu tərəfindən yaşayış binası atəşə tutulub, nəticəsində partlayış baş verib. İlkin məlumata görə, 2 nəfər xəsarət alıb, 35 nəfər təxliyə edilib.uk4

– Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyev ətrafında Rusiya qoşunlarının olmasının Ukraynanın işğal edilməsi niyyəti ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, Ukraynadakı xüsusi hərbi əməliyyat sonadək davam edəcək.

– Ukraynanın 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının döyüşçüləri Sum vilayətinin Trostyansk şəhərindəki dəmiryol stansiyasında yerləşdirilmiş S219 “Msta-S” haubitsa divizionunu məhv ediblər.

– Bundan başqa, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Odessa səmasında Rusiyanın 2 ədəd Su-30SM qırıcısını məhv edib. Rusiya hərbi gəmiləri isə Odessa vilayətinin sahil rayonlarına zərbələr endirib.

– Ukrayna ordusu Luqansk vilayətində əks-hücuma keçərək xeyli sayda rus hərbi texnikasını məhv edib.

– Ukraynanın Zaporojye dəmiryol vağzalında səhər saat 6 radələrində rus ordusunun hücumu nəticəsində partlayış baş verib. Xəsarət alanlar və dağıntılar barədə dəqiq məlumat yoxdur.

– Rusiya hərbçiləri Ukraynanın Çerniqov şəhərinin mikrorayonunda səhər saatlarında çörək sırasında dayanan dinc sakinləri atəşə tutub. Hadisə nəticəsində azı 10 nəfərin həlak olduğu bildirilib.

uk1– Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi-Kosmik Qüvvələri və Hava Hücumundan Müdafiə sistemləri son sutkada Ukraynanın Çerniqov şəhərində 2 ədəd Su-25, Novaya Bıkovada 1 ədəd MiQ-29, həmçinin 4 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

– Rusiya hərbçiləri Xerson vilayətinin Skadovsk şəhərinin meri Aleksandr Yakovlev və müavini Yuri Palyuxanı əsir götürüblər. Məlumata görə, əhali şəhər şurasının binasının qarşısında etiraz aksiyası keçirib. Şəhər əhalisi əsir götürülmüş şəxslərin qaytarılmasını tələb edib.

– Bayden administrasiyası Ukraynaya tank və artilleriya əleyhinə “Switchblade 300” və “Switchblade 600” kamikadze PUA-ları verməyi düşünür. Məlumata görə, bu PUA-lardan birincisi şəxsi heyətə dəqiq zərbələr endirmək, ikincisi isə tankların və digər zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulub.

– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 84 təyyarəsini, 108 helikopterini, 430 tankını, 1375 zirehli texnikasını, 819 hərbi avtomobilini, 190 artilleriya qurğusunu, 11 PUA-sını, 43 hava hücumundan müdafiə sistemini, 70 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 13800 nəfərdən çox hərbiçisi öldürülüb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 180 döyüş təyyarə və helikopteri, 166 PUA-sı, 1367 tank və digər zirehli döyüş maşınları, 132 reaktiv yaylım atəşi sistemi, 1156 xüsusi təyinatlı hərbi texnikası, 502 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Hərbi əməliyyatlar başladığı vaxtdan indiyədək Xarkovda 500-dən çox dinc sakin ölüb, onlardan 88-nin meyiti dağıntılar altından çıxarılıb.

– Rəsmi açıqlamaya görə, Rusiya Ukraynanın sənaye obyektlərini, meşələrini, kənd təsərrüfatı torpaqlarını minalayır.

– Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi Ukraynadan qonşu ölkələrə köçən qaçqınların sayı 1,4 milyondan çoxu uşaq olmaqla 3 milyon nəfərə çatıb. Onların 157 min nəfəri üçüncü ölkə vətəndaşıdır.uk2

– Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib ki, Rusiya ordusu müharibə başlayandan bu günə kimi sistematik olaraq Ukraynanın 3 500 mülki infrastrukturunu, o cümlədən 230 nəqliyyat infrastrukturunu, əhalinin yaşayışını təmin edəb elektrik yarımstansiyaları və qaz kəmərləri kimi 165 obyektini tamamilə və ya qismən dağıdıb. Onun sözlərinə görə, dağılan obyektlər arasında Dövlət Fövqəladə Hallar Xidmətinin və Milli Polisin binaları var. Nazir əlavə edib ki, qismən və ya tamamilə dağıdılmış təhsil müəssisələrinin sayı 72-dir. 21 səhiyyə müəssisəsinə ziyan vurulub. Zərər görmüş yaşayış binalarının sayı hər gün dəyişir. Ümumilikdə 700-dən çox ev, 10-dan çox sosial müəssisə dağıdılıb.

– Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə fevralın 24-dən indiyədək 5 jurnalist ölüb, 3-ü yaralanıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button