Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi ikinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi ikinci gününün xronikasını təqdim edir.

– Ukrayna Müdafiə Nazirliyi martın 17-də cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edib. Ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib. Sutka ərzində Rusiya Silahlı Qüvvələrinə məxsus 5 ədəd Su-34 qırıcısı, 3 ədəd “ES” helikopteri və taktiki pilotsuz uçuş aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiya hərbçiləri mülki obyektləri hədəf almaqda davam edib.

– Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb. Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olub. Hücumlar cəmi 3 istiqamətdə olur. Əvvəllər isə bu rəqəm 6 idi.

– Kiyev istiqamətində Ukraynanın artilleriyaçıları Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci ordusunun komanda və təchizat məntəqəsinə zərbə endiriblər. Kiyev əyalətinin Buça rayonunda Rusiya ordusuna məxsus Ka-52 tipli helikopter vurulub. Ukraynanın əməkdar artisti Oksana Şvets Kiyevdə raket hücumu zamanı həlak olub.

– Ukraynanın “Azov” batalyonu Mariupol şəhərində Rusiya tankını şəxsi heyəti ilə birlikdə məhv edib.

– Ukrayna ordusu Çerniqov vilayətində Rusiya ordusuna məxsus 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemini ələ keçirib, daha birini isə məhv edib. Priluki şəhəri ətrafında ukraynalı hərbçilər rus ordusunun növbəti dəstəsini zərərsizləşdirib. Çerniqov şəhərinə Rusiya ordusu tərəfindən artilleriya və hava hücumları nəticəsində 53 nəfər həlak olub. Müqavimətlə qarşılaşan və xeyli itki verən rus ordusu şəhərin mərkəzinə daxil ola bilməyiblər.

– Ukraynanın Xarkov vilayətində yerləşən bazar Rusiya ordusu tərəfindən bombardman edilib. Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Bazarda 3 min 600 kvadratmetrlik dükanlar tamamilə məhv edilib.

– Rusiya hərbçiləri Luqansk vilayətinin Rubejnı şəhərini gecə boyu atəşə tutub. Nəticədə 27 ev dağıdılıb, ölən və yaralananlar olub.

– Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Rovensk vilayətinin Sarna yaşayış məntəqəsində “Toçka-U” taktiki raket kompleklərinin olduğu anbarı vurub. Onun sözlərinə görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarələri Ukrayna Ordusunun hərbi infrastrukturlarına zərbələr endirib. Həmçinin Ukrayna Ordusunun “Bayraktar TB2” PUA-sı vurulub.

– Rəsmi məlumata əsasən, Rusiya hərbi aviasiyası Ukraynanın 29 hərbi obyektini, o cümlədən 6 sursat anbarı, 3 komanda məntəqəsi və hərbi texnikanın 14 toplanma məntəqəsini məhv edib.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya silahlı qüvvələri sutka ərzində Ukraynada xüsusi əməliyyat gedişində 10 km irəliləyib. Preçistovka və Novomayorskoye kəndləri Rusiya ordusu tərəfindən nəzarətə götürüb.

– Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin 152 mm-lik haubitsa batareyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsinin görüntülərini yayıb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 182 döyüş təyyarə və helikopteri, 177 PUA-sı, 1393 tank və digər zirehli döyüş maşınları, 134 reaktiv yaylım atəşi sistemi, 1182 xüsusi təyinatlı hərbi texnikası, 523 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Rusiya hərbi təyyarələrinin təxminən üçdə bir hissəsini itirib.

– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 86 təyyarəsini, 108 helikopterini, 444 tankını, 1435 zirehli texnikasını, 864 hərbi avtomobilini, 201 artilleriya qurğusunu, 11 PUA-sını, 43 hava hücumundan müdafiə sistemini, 72 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 14 min nəfərdən hərbiçisi öldürülüb.

– Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya Ukraynadakı müharibə üçün 40 min döyüşçü verəcəyini vəd edib.

– Rusiya-Ukrayna müharibəsi zamanı rus ordusunun mülki əhaliyə qarşı hücumları nəticəsində indiyədək 108 uşaq həlak olub, 120-si də yaralanıb. Zərərçəkən uşaqların çoxu Kiyev (52 nəfər), Xarkov (34 nəfər), Donetsk (25 nəfər), Çernihiv (24 nəfər), Mikolaiv (20 nəfər), Jitomir (15 nəfər), Sumı (14 nəfər), Xerson (10 nəfər) əyalətlərinin payına düşür. Bununla yanaşı, Rusiya ordusunun artileriya və raket hücumları nəticəsində 411 təhsil ocağına ziyan dəyib, bunların 63-ü bütövlükdə dağılıb, həmçinin 11 səhiyyə müəssisəsi və 3 reabilitasiya mərkəzi atəşə tutulub.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button