Rusiya-Ukrayna müharibəsinin iyirminci günü – XRONİKA

Rusiya-Ukrayna müharibəsinin iyirminci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin iyirminci gününün xronikasını təqdim edir.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 15-də Ukraynadakı son vəziyyətlə bağlı operativ məlumat yayıb. Məlumatda bildirilib ki, müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkət xarakterində əhəmiyyətli dəyişiklik olmayıb, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna və onların infrastrukturuna sarsıdıcı zərbələr endirib. Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın dörd helikopterini, bir təyyarəsini və bir raket kompleksini məhv edib.

– Rəsmi informasiyaya görə, Rusiya Silahlı Qüvvələri mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edib. Rusiya ordusu mülki infrastrukturun yerləşdiyi ərazilərə öz hərbi texnikasını yerləşdirib və oradan atəş açıb. Qeyd olunub ki, Rusiya Mariupolu ələ keçirməyə çalışıb. Həmin istiqamətdə Rusiyanın ümumi itkiləri 150-yə yaxın hərbi qulluqçu, 2 tank, 7 piyada döyüş maşını və 1 zirehli transportyor olub. İtkilərdən sonra Rusiya ordusu hücumu dayandırıb və geri çəkilib.

– Ukrayna artilleriyaçıları Rusiya Silahlı Qüvvələrinin irəli istiqamətlərdə cəmləşdirilmiş hərbi karvanını sıradan çıxarıb. Məlumata görə, artilleriya atəşi nəticəsində Rusiya ordusunun 12 hərbi maşını məhv edilib. Rusiyanın 336-cı Əlahiddə Dəniz Briqadasının və 11-ci Əlahiddə Hücum Briqadasının tabor taktiki qrupları da zərər çəkib.

– Ukraynanın “Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb. Bu gün “Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə rusların bir neçə texnikası məhv edilib. Bundan başqa, “Azov” alayının döyüşçüləri Rusiya ordusunun 22-ci xüsusi təyinatlı briqadasının bölmələrindən birini məhv edib.

– Ukraynanın Luqansk vilayətində 24-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri Rusiyanın 3 ədəd tankını və 1 ədəd piyadanın döyüş maşınını məhv ediblər.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb. Ukrayna mətbuatı iddia edir ki, Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin Çulakovka kəndini tərk ediblər.

– Ukraynanın Mariupol şəhər merinin müşaviri Petr Andryuşenko bildirib ki, şəhərdə fəlakətli vəziyyət yaranıb, Rusiya hərbçilərinin mülki qurbanlarının sayı 20 min nəfərə yaxınlaşa bilər.

– Ukraynanın Çerniqov şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.

– Martın 15-nə olan məlumata görə, Ukraynada Rusiyanın apardığı müharibə nəticəsində 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb. Ən çox zərərçəkən dinc sakinlər Kiyev, Xarkov, Donetsk, Çernihiv, Sumı, Xerson, Mykolaiv, Jitomir əyalətlərindədir. Hər gün atəş nəticəsində azı 5 uşaq ölür. Bundan əlavə, indiyədək Rusiya ordusunun hava və artilleriya hücumları nəticəsində 400 təhsil ocağına ziyan dəyib, bunların 59-u tamamilə dağılıb. Həmçinin 11 səhiyyə müəssisəsi, uşaqlar üçün olan 3 reabilitasiya mərkəzi atəşə tutulub.

– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 81 təyyarəsini, 95 helikopterini, 404 tankını, 1279 zirehli texnikasını, 640 hərbi avtomobilini, 150 artilleriya qurğusunu, 9 PUA-sını, 36 hava hücumundan müdafiə sistemini, 64 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 13500-dən nəfərdən çox hərbiçisi öldürülüb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 144 S-300, “BuK M-1” və “Osa” ZRK, 88 radar stansiyası, 100 döyüş təyyarəsi, 24 helikopteri, 156 PUA-sı, 1306 tank və digər zirehli döyüş maşınları, 127 reaktiv yaylım atəşi sistemi, 1054 xüsusi təyinatlı hərbi texnikası, 471 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinə müraciət edib. Volodimir Zelenski onlara ya hərbi əməliyyatlarda ölməyi, ya da təslim olmağı təklif edib.

– BMT ukraynalılara humanitar yardım göstərilməsi məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə olaraq 40 milyon ABŞ dolları ayıracaq. Eləcə də, Dünya Bankı Ukraynaya əlavə 200 milyon dollar verəcək. Keçən həftə Dünya Bankının Ukraynaya yardım üçün 723 milyon dollar topladığı bildirilib.

– Ukrayna maliyyə naziri Serhiy Marçenko bildirib ki, Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya vurulan ziyanın məbləği ilkin dəyərləndirməyə görə, azı 500 milyard dollardır. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynada ÜDM 2022-ci ildə Rusiya ilə müharibəyə görə 10 faiz azalacağı, inflyasiyanın isə 19,1 faizə çatacağı barədə proqnoz verib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS