Rusiya-Ukrayna müharibəsinin on altıncı günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on altıncı gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, martın 11-də Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edib: Rusiya ordusu beynəlxalq humanitar hüquq normalarını pozaraq yaşayış məntəqələrini qarət edib, girov götürüb və mülki vətəndaşları edam edib. Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur. Gün ərzində Ukraynanın silahlı qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alıb.
– Rəsmi məlumata görə, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərib.
– Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində qeyd olunub ki, Rusiya silahlı qüvvələri güclərini Krivoy Roq, Kremençuq, Nikopolya və Zaporojyeyədək cəmləşdirir. Rusiya hərbçiləri Polessk, Seversk, Cənubi Buq əməliyyat rayonlarında itki verərək dayanıb. Onlar əlverişsiz istiaqamətdə mövqelərini möhkəmləndirməyə cəhd göstərməyə məcbur olublar. Donetsk istiqamətində gedən ağır döyüşlərdə Ukraynanın müdafiəçiləri Rusiya ordusuna cavab verərək hücumun sürətinin zəiflədiblər.
– Martın 11-də Rusiya ordusu Ukraynanın Dnepr, Lusk və İvano-Frankovsk şəhərlərinə raket-bomba zərbəsi endirib. Rəsmi açıqlamaya görə, Volınada hərbi obyektlərində və vətəndaş infrastrukturlarında diversiyanın törədilməsi təhlükəsi qalmaqdadır. Rus qoşunlarının Nikolayev üzərində nəzarət planı reallaşmayıb, Zaporoje və Krivoy Roq istiqamətlərində irəliləyə bilməyiblər.
– Rusiya silahlı qüvvələrinin Xarkovun Milova kəndinə endirdiyi hava zərbələri nəticəsində Balakleya Şəhər Şurasının deputatı Marina Osipenko həlak olub. Deputatın nəşi bombardman nəticəsində dağılan evlərin birində tapılıb.
– Martın 11-də səhər saatlarından Xarkov vilayətinin İzyum şəhərində şiddətli döyüşlər gedib, partlayışlar səngiməyib. İzyumda psixo-nevroloji internat məktəbi atəşə tutulub.
– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 57 təyyarəsini, 83 helikopterini, 353 tankını, 1165 zirehli texnikasını, 558 hərbi avtomobilini, 125 artilleriya qurğusunu, 7 pilotsuz uçuş aparatını (PUA), 31 hava hücumundan müdafiə sistemini, 58 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.
– Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 3346 hərbi obyektini vurub. Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 144 S-300, “BuK M-1” və “Osa” ZRK, 88 radar stansiyası, 98 döyüş təyyarəsi, 24 helikopteri, 121 PUA-sı, 1067 tank və digər zirehli döyüş maşınları, 114 reaktiv yaylım atəşi sistemi, 862 xüsusi təyinatlı hərbi texnikası, 412 artilleriya qurğusu və minaatanı məhv edilib.
– Ukraynanın Volın əyalətindəki Lutsk şəhəri Rusiya ordusu tərəfindən hücuma məruz qalıb, şəhərin hava limanına 4 raket atılıb. Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
– Ukrayna silahlı qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib. Ukrayna tərəfinin açıqlamasına görə, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil, zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi-siyasi rəhbərlik onları atıb. Hazırda Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehli döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək. Martın 11-də Ukrayna silahlı qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad ediblər.
– Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, mühasirəyə alınmış Mariupolda hazırda dünyanın ən ağır humanitar fəlakəti yaşanıb. Mariupolda 12 gündə 1 582 dinc sakinin öldüyünü deyən nazir Ukrayna ordusunu məğlub edə bilməyən rus hərbçilərin dinc əhalini qırıb, humanitar yardımın qarşısını kəsdiklərini bildirib.
– Rusiyanın 29-cu Şərq Hərbi Dairəsinin Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Andrey Kolesnikov Ukrayna ərazisində öldürülüb.
– Ukraynanın müdafiə naziri Aleksey Reznikov xalqa müraciət edib. Nazir cəbhədə vəziyyətin çətin olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya qoşunları say baxımından çox olsa da, artıq təşəbbüsü itiriblər. Müdafiə naziri də Mariupolda vəziyyətin çox gərgin olaraq qaldığını vurğulayıb.
– Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukraynanın müdafiəsinə qatılan könüllülərin sayını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna ərazisində 100 minə qədər ukraynalı ölkənin müdafiə sıralarına qoşulub. O, həmçinin qeyd edib ki, xaricdə yaşayan 200 min ukraynalı da Vətənə gələrək ordu sıralarına qatılmaq üçün müraciət edib.
– BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirib ki, Ukraynada hərbi əməliyyatlar nəticəsində 549 dinc sakin həlak olub, daha 957 nəfər isə yaralanıb. Təşkilatın məlumatına görə, qaçqınların ümumi sayı 2,5 milyon nəfəri keçib.
Rizvan Fikrətoğlu




