Rusiya-Ukrayna müharibəsinin on beşinci günü – XRONİKA

Rusiya-Ukrayna müharibəsinin on beşinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on beşinci gününün xronikasını təqdim edir.

– Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, martın 10-da Ukraynanın müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya silahlı qüvvələrinin hücumuna müqavimət göstərməyə davam ediblər: “Xarkov və Axtırka şəhərləri müdafiə olunub. Əsas səylər düşmənin cənub-şərq istiqamətində hərəkətinin qarşısının alınmasına yönəlib. Mariupolun dairəvi müdafiəsi ilə yanaşı, Belarus ilə dövlət sərhədinin bağlanması, Siverşinedə Çerniqov şəhəri müdafiəsi davam edib”.

– Rəsmi məlumata görə, Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyev şəhərinə tərəf hərəkətinin qarşısının alınması üzrə tədbirlər görülüb. Şəhərin müdafiə qüvvələri rəqibin hücumlarını dəf edib. Cənub istiqamətində Rusiya silahlı qüvvələri Krivoy Roq, Nikolayev, Voznesensk və Xerson vilayətinin Novoronsovka qəsəbəsində sıxışdırılıb. Başqa istiqamətlərdə qoşun dəstələri ərazinin müdafiəsi üzrə əməliyyatlar keçirir.

2– Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alıb, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edib. Son iki gündə Rusiyanın dörd Su-25 qırıcısı və iki helikopteri məhv edilib. “Düşmənin irəliləmək sürəti zəifləyib, Rusiya ordusunun şəxsi heyəti ruh düşkünlüyü yaşayır. Rusiya Silahlı Qüvvələrinin bölmələri arasında özbaşınalıq və talan halları əhəmiyyətli dərəcədə artıb”, – deyə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

– Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə 3 istiqamətdə iri miqyaslı hücuma keçib. Rusiya hərbçiləri şəhərə əsasən Xerson şəhəri tərəfdən, Nikolayev aeroportu istiqamətində hücuma başlayıblar. Rusiya ordusuna məxsus digər hərbi qrup Krovoqrad şəhəri istiqamətində, başqa qrup isə Baştanka adlanan ərazi istiqamətində hücuma keçib. Şəhər mühasirəyə alınıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya hərbçilərinə qarşı ciddi müqavimət göstərıb.5 2

– Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, Ukrayna silahlı qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini azad edib və əraziyə tam nəzarət edir. Administrasiya rəhbəri qeyd edib ki, şəhərin azad olunması əməliyyatı çərçivəsində Rusiya tərəfi 2 tank və 2 zirehli texnika itirib. Onun sözlərinə görə, Ukrayna ordusu heç bir itki verməyib.

– Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, Ukraynanın Xarkov vilayətinin Slobojanskoye kəndinə altı hava bombası atılıb. Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb. Biri qadın, ikisi uşaq olmaqla 7 nəfər ölüb. “Burada heç vaxt hərbi infrastruktur obyekti olmayıb. Buna baxmayaraq, rusiyalı hərbçilər kəndin yaşayış məntəqələrini vurmağa qərar veriblər”, – deyə mətbuat xidmətinin məlumatında bildirilib.

4 2– Ukraynanın Çerniqov şəhərində 2-3 istiqamətdən Rusiya silahlı qüvvələri tərəfindən artileriya və aviabomba zərbələri endirilib. Bildirilib ki, şəhərin müdafiəsi Ukrayna silahlı qüvvələri və könüllülər tərəfindən aparılıb, onlar təslim olmayıblar və işğalçı qüvvələri geri otuzdurublar. Son sutkada aviabomba nəticəsində təkcə Çerniqovda 40 ukraynalı mülki şəxs həlak olub, 100-ə yaxın adam yaralanıb. Məlumatlara əsasən, Rusiya tərəfində 100-ə yaxın texnika sıradan çıxarılıb, 200-dək itki verilib. Çerniqov istiqamətində Ukrayna silahlı qüvvələri Rusiya ordusuna məxsus “İsgəndər-M” ballistik operativ-taktiki raket kompleksi diviziyasını məhv edib.

– Ukraynanın Dneprpetrovsk vilayətinin Krivorojski rayonunun Lozovatke kəndi yaxınlığındakı aeroporta Rusiya silahlı qüvvələri tərəfindən 2 raket zərbəsi endirilib. Ukrayna silahlı qüvvələri Rusiyaya məxsus daha bir Su-25 təyyarəsini məhv edib. Bundan başqa, Ukrayna hərbçiləri rus ordusuna məxsus “Pantsir S-1” zenit raket kompleksini (ZRK) ələ keçirib.

– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb.

1 9

Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 49 təyyarəsini, 81 helikopterini, 335 tankını, 1105 zirehli texnikasını, 526 hərbi avtomobilini, 123 artilleriya qurğusunu, 7 pilotsuz uçuş aparatını (PUA), 29 hava hücumundan müdafiə sistemini, 56 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ordusunun bölmələri gün ərzində Ukraynanın 1 MiQ-29, 3 “Bayraktar TB2” PUA və 1 “Toçka-U” taktiki raketini məhv edib.

– Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 2998 hərbi obyektini vurub. Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 144 S-300, “BuK M-1” və “Osa” ZRK, 88 radar stansiyası, 98 döyüş təyyarəsi, 24 helikopteri, 110 PUA-sı, 1007 tank və digər zirehli döyüş maşınları, 109 reaktiv yaylım atəşi sistemi, 793 xüsusi təyinatlı hərbi texnikası, 374 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, rus qoşunları Ukraynanın Maryanovka, Lazarevka, Lesnoye yaşayış məntəqələrini nəzarətə götürüb. Bundan başqa, Rusiya silahlı qüvvələri 10 kilometr dərinliyə qədər irəliləyərək Ukraynanın Stepnoye, Krapivnitskoye, Malı Kremençik, Novopetrikovka və Yalınskoye yaşayış məntəqələrini də nəzarətə götürüb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS