Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin on doqquzuncu günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on doqquzuncu gününün xronikasını təqdim edir.

– Martın 14-də Ukrayna silahlı qüvvələri İzyum yaxınlığında əks hücuma keçib. Ukraynalı hərbçilərin əks-hücum hərəkətləri nəticəsində Rusiya tərəfi Topolskoye, Şpakovka, Donetsk yaşayış məntəqələri ərazisində itki verib və geri çəkilib.

– Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Həmçinin, Kiyevin Obolon rayonunda yaşayış məntəqəsi Rusiya silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalıb. Əraziyə atılan 8 raketin 2-si yaşayış binasına düşüb. Nəticədə 4 nəfər ölüb.

– Kiyevin Kurenevka rayonuna isə Rusiya ordusu tərəfindən endirilən raket zərbələri nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Ukrayna HHM bölmələrinin havada vurduğu raketin parçaları Kurenevka yollarına yayılıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

– Ukrayna ordusu Kiyev vilayətinin Moşun kəndi uğrunda gedən döyüşlərdə rus hərbçilərinin meşəlik ərazidə yerləşən mövqelərinə və digər istiqamətlərdə maddi-təminat infrastrukturuna sarsıdıcı zərbələr endirib.

– Ukrayna ordusu Mariupol yaxınlığında Rusiyanın zirehli texnika və canlı qüvvəsini məhv edib.

– Ukrayna Müdafiə Nazirliyinin ölkədəki son vəziyyətlə bağlı yaydığı məlumatda bildirilib ki, Rusiya tərəfi heç bir istiqamətdə ciddi uğur qazana bilməyib. Rusiya Silahlı Qüvvələrinin əsas səyləri işğal olunmuş ərazilərdə möhkəmlənməyə sərf edilib. Onların silah və hərbi texnika təminatı üçün mülki obyektlərdən, o cümlədən dini yerlərdən istifadə etdiyi aşkarlanıb. Rusiya tərəfinin mənəvi-psixoloji durumunun aşağı olduğu, Rusiya hərbçilərinin öz komandanlıqlarının əmrlərini icra etməkdən boyun qaçırırdıqları deyilir.

– Rusiya Krasnodar vilayətindən Krıma yeni hərbi texnika və canlı qüvvə cəlb edib.

– Rusiya ordusu Severodonetsk şəhərini bombardman edib.

– Rusiya Müdafiə Nazirliyi Su-25 qırıcılarının Ukrayna ordusunun silah-sursat anbarlarını məhv etməsinin videosunu nümayiş etdirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, bu gün Rusiya Hərbi-Kosmik Qüvvələri Ukrayna qoşunlarının 86 obyektini o cümlədən dörd komanda-idarəetmə və rabitə mərkəzini, üç zenit-raket kompleksini (ZRK), bir radiolokasiya stansiyasını, bir elektron döyüş stansiyasını, üç silah-sursat anbarını və yanacaq sisternlərini vurub. Onun sözlərinə görə, Rusiya qoşunları Stepnaya qəsəbəsini işğal edib, Melitopol və Xerson Rusiya Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 144 S-300, “BuK M-1” və “Osa” zenit raket-top kompleksi (ZRK), 88 radar stansiyası, 100 döyüş təyyarəsi, 24 helikopteri, 145 PUA-sı, 1298 tank və digər zirehli döyüş maşınları, 124 reaktiv yaylım atəşi sistemi, 1047 xüsusi təyinatlı hərbi texnikası, 469 artilleriya qurğusu və minaatanı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 4 təyyarəsi, 3 helikopteri məhv edilib.

– Döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının ümumi sayı açıqlanıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 77 təyyarəsini, 90 helikopterini, 389 tankını, 1249 zirehli texnikasını, 617 hərbi avtomobilini, 150 artilleriya qurğusunu, 8 PUA-sını, 34 hava hücumundan müdafiə sistemini, 64 yayılım atəşli reaktiv sisteminib (YARS), 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.

– Türkiyə istehsalı “Bayraktar TB2” PUA-sı martın 14-də Ukraynada rus ordusunun artilleriya atəşinə nəzarət məntəqəsini məhv edib. Ümumilikdə, fevralın 24-dən bəri “Bayraktar TB2” PUA-ları Rusiyanın ümumi dəyəri 600 milyon ABŞ dolları civarında olan texnikaları sıradan çıxarıb. Bildirilib ki, 5 ədəd 152 mm-lik haubitsa, 1 “Uraqan” YARS, 1 rabitə stansiyası, 2 komanda postu, 2 desantın döyüş maşını (DDM-2), 2 logistika qatarı, 6 “Buk M1/2” ZRK, 1 “Pantsir-S1” ZRK, 2 ədəd “Tor-M1/2” kompleksi, 9 KamAZ avtomobili, 5 “Ural-4320” zirehli avtomobili və 10 müxtəlif nəqliyyat vasitələri “Bayraktar TB2” PUA-ları ilə məhv edilib.

– Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujni bildirib ki, Rusiyanın havadan müdafiə sistemləri Xarkov vilayətində yanlışlıqla öz pilotsuz uçuş aparatını vurub.

– Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb. Müzakirələr videoformatda aparılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button