Rusiya-Ukrayna müharibəsinin on dördüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on dördüncü gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, martın 9-da Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edib. Ukraynanın müdafiə qüvvələri Kiyev şəhərindən Rusiya qoşunlarını geri çəkilməyə məcbur edib. Habelə, cənub istiqamətində müdafiə qrupları tərəfindən Ukrayna sərhədi, dəniz sahilləri, hava limanları və vacib infrastrukturların müdafiəsi davam edib.
– Rəsmi məlutlara görə, Ukrayna Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirib, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini təmin ediblər.
– Məlumata görə, Rusiya tərəfi təlim tədbirləri adı altında hərbçilərini Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir. Bildirilib ki, Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb. Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb.
– Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Ukraynada martın 9-na keçən gecə nisbətən sakit keçib, lakin vəziyyət ağır olaraq qalıb: “Düşmən tərəf hələ də Kiyev yaxınlığında nəsə etməyə çalışır, ordusunu şimal istiqamətinə cəmləmək istəyir. Onlar İzyumu ələ keçirməyi hədəfləyir, lakin xoşbəxtlikdən, bu, uğursuzluqla nəticələnir”.
– Ukrayna tərəfi bildirib ki, Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanı yaşayış binaları və ərazilərdə gizlədir.
– Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət ediblər. Məlumata görə, Rusiya qoşunları şəxsi heyətləri arasında çox sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşayır.
– Ukrayna hərbçiləri Nikolayevdə rus texnikasını ələ keçiriblər. Texnika ilə yanaşı rus hərbçiləri də əsir götürülüb. Bildirilib ki, rus texnikası yüngül təmirdən sonra Ukrayna ordusunun ixtiyarına veriləcək.
– Ukraynanın ordusu Xarkov ətrafında əks-hücuma keçib və Rusiyanın hərbi texnika karvanını dağıdıblar. Ukrayna ordusu Xarkovun Derqaçi qəsəbəsi yaxınlığında yerləşən rusların hərbi bazasını vurub.
– Luqanskın mərkəzində güclü partlayışlar baş verib. Rusiyanın 33-cü motoatıcı alayının komandiri, polkovnik-leytenant Yuri Aqarkov Ukrayna silahlı qüvvələri tərəfindən öldürülüb.
– Kiyevdən 35 km cənub-şərqdə yerləşən Borispol üzərində Rusiyanın üç raketindən ikisi vurulub. Qeyd edək ki, daha öncə Ukrayna Baş Qərargahı məlumatında rusların Brovarski və Borispol rayonları vasitəsilə Kiyevin şərq kənarlarına çıxış üçün taktiki üstünlük təmin etməyə çalışdıqları bildirilmişdi.
– Xerson vilayətinin Çernobayevka şəhərində rus ordusu dinc əhalini atəşə tutub. Rusiya hərbçiləri Sum vilayətinin Trostyanets şəhərindəki zavodu da atəşə tutub. Hücum nəticəsində 3 nəfərin həlak olduğu bildirilib.
– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 49 təyyarəsini, 81 helikopterini, 317 tankını, 1070 zirehli texnikasını, 482 hərbi avtomobilini, 120 artilleriya qurğusunu, 7 PUA-sını, 28 hava hücumundan müdafiə sistemini, 56 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.
– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 2814 hərbi obyektini vurub. Məlumatda bildirilib ki, Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 139 S-300, “BuK M-1” və “Osa” ZRK, 84 radar stansiyası, 69 döyüş təyyarəsi, 24 helikopteri, 97 PUA-sı, 974 tank və digər zirehli döyüş maşınları, 104 reaktiv yaylım atəşi sistemi, 727 xüsusi təyinatlı hərbi texnikası, 359 artilleriya qurğusu və minaatanı məhv edilib.
– Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb.
– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, rus əsgərləri müvəqqəti ələ keçirdikləri yaşayış məntəqələrinin sakinlərinə qarşı terroru davam etdiriblər. Xersonun Rusiya işğalına müqavimət göstərən sakinlərinin müntəzəm etirazlarına görə bölgəyə Rusiya Milli Qvardiyasının bölmələri yeridilib. Qeyd edilib ki, Rusiya inzibati-polis rejimi tətbiq etməyə çalışır. Onlar 400-dən çox Ukrayna vətəndaşını qanunsuz həbs ediblər.
– Ukraynanın təkcə Kiyev şəhərinə gələn əcnəbi döyüşçülərin sayı artıq 40 minə çatıb. Məlumata görə, onlardan 500 nəfəri kanadalıdır. Həmçinin, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Rusiyaya qarşı döyüşmək üçün gürcü könüllüləri ilə birlikdə Ukraynaya gəlib.
– Rusiya hərbçilərinin Ukraynanın Mariupol şəhərinin doğum evinə endirdiyi hava zərbəsi nəticəsində 17 nəfər yaralanıb. Martın 9-na olan məlumata görə, Mariupolda mülki əhali arasında ölüm sayı ümumilikdə 1300 nəfərdən çoxdur.
– Jitomir şəhərinin meri Serey Suxomlin bildirib ki, Ukraynada Makarov qəsəbəsindən gələn qaçqınların olduğu avtobus Rusiya ordusu tərəfindən atəşə tutulub. Onun sözərinə görə, insanlar atəş altında 4 kilometr piyada gediblər.
– Ukraynanın Çerniqovsk əyalətində Rusiya əleyhinə genişmiqyaslı mitinq keçirilir.
– ABŞ konqresmenləri 2022-ci maliyyə ilində Ukraynaya 13,6 milyard dollar yardım ayırmaq barədə razılığa gəliblər. Bildirilib ki, bura Ukrayna infrastrukturunun Rusiya və digər müdaxilələrdən, kiberhücumlardan qorumaq üçün vəsaitin ayrılması da daxildir.
Rizvan Fikrətoğlu




