Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin on ikinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on ikinci gününün xronikasını təqdim edir.

– Rusiya-Ukrayna müharibəsinin on ikinci günü – martın 7-də Rusiya qoşunlarının əsas hücum istiqamətləri Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olub.

– Ukrayna Müdafiə Nazirliyi müharibənin 12-ci günü ilə bağlı məlumat yayıb. Bildirilib ki, günün əvvəlindən etibarən ruslar artilleriya zərbələrinə başlayıblar. Onlar hava zərbələri üçün Belarus aerodromlarından istifadə ediblər. Qarşı tərəf beynəlxalq humanitar hüquq qaydalarını kobud şəkildə pozub, dinc əhalini hədəf alıb, qadın və uşaqları girov götürüb, şəhərlərin yaşayış massivlərində texnika, sursat yerləşdirib, işğal olunmuş yaşayış məntəqələrində süni şəkildə humanitar böhran yaradıb.kiyev3

– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, İrpin şəhəri üç gündən artıqdır işıqdan, sudan və istilikdən məhrum qalır, ərzaq və su təchizatı yoxdur. Ruslar vətəndaşlara evlərini tərk etməyi qadağan ediblər. Məlumata görə, rus hərbçiləri demorilizə olunub: “Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müdafə əməliyyatlarını davam etdirib. Rusiya canlı qüvvə, texnika baxımından ciddi itki verib. Rus hərbçiləri təslim olublar”.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında bildirib ki, Rusiyanın desant qüvvələri Ukraynanın Nikolayev vilayətini tərk etməyə məcbur olublar. Qeyd edilir ki, Rusiya hərbçiləri texnikanı atıb gediblər. Eyni zamanda Ukrayna hərbçiləri Luqansk istiqamətində bir neçə uğurlu əks-hücum həyata keçirib. Qeyd olunub ki, əks-hücum zamanı Rusiya ordusunun 40-a yaxın hərbçisi həlak olub, 8 zirehli döyüş maşını, “Ural” yük maşını, yolsuzluq avtomobili və artilleriya sistemləri sıradan çıxarılıb.

Martın 7-də səhər saat 05:30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub və nəticədə şəhərin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər dağıdılıb və ya ciddi zərər görüb.

u2– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı onu da bildirib ki, Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib. Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirib. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. Rusiya şəxsi heyət və texnikada xeyli itki verib.

– Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov həlak olub.

– Martın 7-də Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edib. Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb. Rusiya hərbçiləri Kiyev şəhəri yaxınlığında Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib. Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib. Axşam saatlarında isə Kiyev səmasında iki rus təyyarəsi vurulub.u1

– Ukrayna ordusu Xerson yaxınlığındakı Çernobayevka aerodromunu mühasirəyə alıb. Rusiyanın aviaparkı məhv edilib. Sutka ərzində Bikolayevdə düşmənin 3 kolonu sıradan çıxarılıb. Ukrayna ordusu çoxlu, o cümlədən 7 ədəd D-20 haubitsasını qənimət götürüb.

– Çerniqov vilayətinin Nejinsk rayonunda Rusiya silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub. Ukrayna Hərbi Dəniz Qüvvələri Odessa sahilində Rusiya hərbi gəmisini vurub.

– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 46 təyyarəsini, 68 helikopterini, 290 tankını, 999 zirehli texnikasını, 454 hərbi avtomobilini, 117 artilleriya qurğusunu, 7 PUA-sını, 23 hava hücumundan müdafiə sistemini, 50 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 11 min nəfərdən çox hərbiçisi öldürülüb.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 2396 hərbi obyektini vurub. Məlumatda bildirilib ki, Ukraynanın 82 idarəetmə məntəqəsi və rabitə sistemi, 119 S-300, “BuK M-1” və “Osa” ZRK, 76 radar stansiyası, 69 döyüş təyyarəsi, 24 helikopteri, 78 PUA-sı, 827 tank və digər zirehli döyüş maşınları, 84 reaktiv yaylım atəşi sistemi, 603 xüsusi təyinatlı hərbi texnikası, 304 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində danışıqlar baş tutub. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Belarusda keçirilən danışıqlarda bəzi müsbət irəliləyişlər qeydə alınıb. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə Rusiya tərəfinin Ukrayna ilə danışıqlarda gözləntilərin özünü doğrultmadığını bildirib.

– Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynadakı hərbi əməliyyatların istənilən an dayana biləcəyini açıqlayıb. “Müharibəni istənilən an dayandırmağa hazırıq. Bir şərtlə ki, Ukrayna tələblərimizi yerinə yetirsin. Onlar Ukraynanın hansısa bloka qoşulmayacağı barədə vəd verməlidirlər. Həmçinin Krım Rusiya ərazisi kimi tanınmalı, Donetsk və Luqanskın müstəqilliyi qəbul edilməlidir. Şərtlər bunlardır”, – deyə Dmitri Peskov bildirib.

– Prezident Volodimir Zelenski Ukraynanın beş şəhərinə – Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa, Xersona Qəhrəman şəhər adlarını verib.

ukr 1– BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada fevralın 24-dən indiyədək 40-dan artıq qadın və 30-ya yaxın uşaq olmaqla 406 dinc sakin həlak olması və 801 nəfərin yaralanması barədə məlumat yayıb. Bildirilib ki, mülki itkilərin əksəriyyəti uzaqmənzilli silahlardan istifadə, ağır artilleriya və çoxsaylı reaktiv sistemlərdən atəşə tutulma, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.

– Fevralın 24-dən Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən bu günədək ölkədə 211 ali və orta təhsil müəssisəsinin binası məhv edilib.

Britaniya hökumətinin saytında məlumat verilib ki, Böyük Britaniya Ukraynanın dövlət büdcəsinə Rusiya ilə bağlı vəziyyətin yaratdığı maliyyə təzyiqini azaltmaq və dövlət sektorunda çalışan işçilərin maaşlarını ödəmək, sosial müdafiə şəbəkəsinin dəstəkləmək və pensiyaları ödəmək üçün əlavə 100 milyon ABŞ dolları ayıracaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button