Rusiya-Ukrayna müharibəsinin on səkkizinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on səkkizinci gününün xronikasını təqdim edir.
– Martın 13-də Ukrayna ordusu Çerniqov vilayətində əks-hücuma keçərək Rusiya ordusu tərəfindən işğal edilmiş iki yaşayış məntəqəsini azad edib və ondan çox texnikanı ələ keçirib. Çerniqov şəhərinin səmasında Rusiyaya məxsus “Su” seriyalı qırıcı məhv edilib. Həmçinin, Çerniqov şəhərinə Rusiya ordusu tərəfindən endirilən hava zərbəsi nəticəsində doqquzmərtəbəli yaşayış binası dağıdılıb. İlkin məlumatına görə, hava zərbələri nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
– Kiyevin 112-ci əlahiddə ərazi müdafiə bölmələri Rusiyanın tank, döyüş maşınları, zirehli transportyorlar və zirehli avtomobillərindən ibarət karvanını şəxsi heyəti ilə birgə məhv edib.
– Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində rus ordusuna məxsus qırıcı təyyarə Ukrayna ordusu tərəfindən məhv edilib.
– Gecə yarı Ukraynanın Lvov şəhərindən 45 km məsafədə yerləşən Yavorov hərbi poliqona rus qoşunları tərəfindən 8 raket atılıb. Raket hücumu nəticəsində 35 nəfər həlak olub, 134 nəfər yaralanıb.
– Rusiyanın işğalçı qüvvələrinin Ukraynanın Kropivnitski yaxınlığındakı hərbi aerodroma endirdiyi aviazərbələr nəticəsində 7 nəfər həlak olub. Həmçinin Rusiya ordusu Ukraynanın İvano-Frankovsk aeropotuna güclü zərbələr endirib.
– Rusiya hərbçiləri Ukraynanın Nikolayev bölgəsində Solyanye və Severnın yaşayış məntəqələrini kaset mərmiləri ilə bombardman ediblər. Uşaq meydançasına, fərdi evlərə mərmilərin düşməsi nəticəsində 13 nəfər yaralanıb, 9 nəfər dünyasını dəyişib. Bundan başqa, Rusiya hərbi kolonu Ukraynanın Nikolayev vilayətində minaya düşərək partlayıb.
– Ukraynanın “Azov” alayı Mariupolda düşmənin 6 tankını, 2 zirehli texnikasını və 1 “Tiqr” zirehli döyüş maşınını məhv edib, rus hərbçiləri əsir götürülüb. Eləcə də, Rusiya ordusu Ukraynanın Mariupol şəhərini 24 saat ərzində 22 dəfə bombardman edib. Ümumilikdə isə, Mariupol şəhərinə 100-ə yaxın aviabomba atılıb və nəticədə 2 187 yerli sakin həyatını itirib.
– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 74 təyyarəsini, 86 helikopterini, 374 tankını, 1226 zirehli texnikasını, 600 hərbi avtomobilini, 140 artilleriya qurğusunu, 7 PUA-sını, 34 hava hücumundan müdafiə sistemini, 62 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.
– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 3736 hərbi obyektini vurub. Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 144 S-300, “BuK M-1” və “Osa” ZRK, 88 radar stansiyası, 100 döyüş təyyarəsi, 24 helikopteri, 139 PUA-sı, 1234 tank və digər zirehli döyüş maşınları, 122 reaktiv yaylım atəşi sistemi, 1013 xüsusi təyinatlı hərbi texnikası, 452 artilleriya qurğusu və minaatanı məhv edilib.
– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu müharibənin 18-ci günündə 9 km irəliləyib.
– Ukraynanın Baş Qərargahının məlumatına əsasən, Rusiyanın dəniz piyadaları da Ukraynadakı hərbi əməliyyatlara cəlb edilib. Bildirilib ki, xüsusilə, Rusiyanın Sakit okean Donanmasının Petropavlovsk-Kamçatkadakı 40-cı əlahiddə briqadasının 1500 nəfər dəniz piyadası hərbi əməliyyatlara cəlb edilib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya silahlı qüvvələrinin Ukrayna ordusunun təlim mərkəzinə zərbələri nəticəsində 180-ə yaxın əcnəbi döyüşçü və xeyli sayda xarici silah məhv edilib. Onun sözlərinə görə, Rusiya qoşunları son sutkada Ukraynaya məxsus bir Su-24 təyyarə və iki “Bayraktar TB2” da daxil olmaqla, 11 PUA-sını məhv edib.
– Rəsmi məlumata görə, Rusiya ordusu Ukraynanın Popasnaya şəhərini ələ keçirib.
– Ukraynanın Sərhəd Xidməti bildirib ki, Ukraynanın Volnovaxa şəhəri artıq şəhər kimi mövcud deyil, onun bütün infrastrukturu məhv olub. Bildirilib ki, müharibəyə qədər şəhərdə 100 min adam yaşayırdı. Qeyd edək ki, 11 martda Rusiya Müdafiə Nazirliyi Volnovaxanın ələ keçirildiyini elan edib.
– Bu gün Kanadadan olan könüllülər Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hava limanından yola düşüblər. Qeyd edək ki, bir neçə gün öncə Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya 40 minə yaxın əcnəbi könüllünün gəldiyi bildirilmişdi.
– Rusiya hərbçiləri bu gün saat 8:30-da Ukraynanın Zaporojye vilayətinin Dneprorudnı şəhərinin meri Yevgeni Maveyevi əsir götürüblər.
– Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna xalqının ruslara güclü mqaviməti davam edir və bu səbəbdən Rusiya ordusunun Ukrayna ərazilərinin dərinliklərinə hücum intensivliyi dayanıb. O qeyd edib ki, düşmən ciddi itkilər verib və hazırda şəxsi heyəti komplektləşdirmək və hərbi hissələri yenidən qruplaşdırmaq məcburiyyətindədir. Malyar qeyd edib ki, ruslar şəhərləri, kəndləri, mülki infrastukturu məhv edir.
– BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ukraynadan olan qaçqınların sayı 2 milyon 597 min 543 nəfərə çatıb. Bildirilib ki, Ukraynada humanitar vəziyyət pisləşərsə, qaçqınların sayı 4 milyon nəfəri keçə bilər.
Rizvan Fikrətoğlu




