Rusiya-Ukrayna müharibəsinin on üçüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on üçüncü gününün xronikasını təqdim edir.
– Ukraynanın Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində bildirilib ki, Rusiyanın irəliləmə sürəti əhəmiyyətli dərəcədə azalıb: “Çerniqov, Kiyev, Nikolayev və ölkəmizin cənub sərhədlərinin müdafiəsi davam edir. Ukrayna Hava Hücumundan Müdafiə qüvvəsi işğalçının raket-aviasiya hücumunun qarşısını uğurla alır. Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində rusiya hərbçiləri talan, qarət edir, zorakılıq əməllər törədirlər. Xerson və Nikolayev şəhərlərində yerli sakinlər arasında təbliğat aparmaq üçün 10 taktiki psixoloji qrup yaradıblar. Krımın şimalında isə Rusiyanın Federal Təhlükəsizlik Xidməti əhalini qorxutmaq məqsədi ilə Ukrayna Silahlı Qüvvələrinin hücum edəcəyini təbliğ edir və buna qarşı müqavimət dəstələri yaradır”.
– Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı general-mayor Vitali Gerasimov öldürülüb. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri öldürülüb və yaralanıb.
– Ukrayna silahlı qüvvələri Xarkovun müdafiəsini möhkəm saxlayıb. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkov şəhərinin quru hissəsi tam olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir: “Şəhərdə nizami düşmən dəstələri yoxdur, təxribat-kəşfiyyat qrupları da yoxdur. Biz tez bir zamanda ayrı-ayrı diversantları müəyyənləşdirib məhv edirik”. Onun sözlərinə görə, bu gün səhər Xarkovda hərbi obyektlər haqqında məlumat toplayan qadın kəşfiyyatçı saxlanılıb.
– Rusiya hərbçilərinin tanklar vasitəsilə Sumı vilayətinin mərkəzini atəşə tutması dinc sakinlərin təxliyəsi prosesini pozub. Rusiya qoşunları Mariupol yaxınlığındakı humanitar dəhlizə hücum edib. Məlumata görə, şəhərdən çıxmaq istəyən sakinlər geri qayıdıblar. Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb. Qeyd edək ki, atəşkəs rejimində humanitar dəhlizin saat 09.00-dan 21.00-dək açıq olacağı vəd edilmişdi.
– Martın 8-də Ukraynanın Çerniqov şəhəri uğrunda şiddətli döyüşlər gedib. Şəhərin giriş körpüsü partladılıb. Döyüşlər zamanı ağır artilleriyadan əlavə kiçik çaplı silahlardan da istifadə edilir. Ukraynada yaşayan keçmiş məhkəmə sədri azərbaycanlı Sadiq Tağıyev bildirib ki, şəhərin müdafiəsində əhali və müdafiə qüvvələri iştirak edir.
– Ukraynanın Xerson vilayətinin Belozerka qəsəbəsində Rusiyaya aid növbəti döyüş təyyarəsi vurulub.
– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 48 təyyarəsini, 80 helikopterini, 303 tankını, 1036 zirehli texnikasını, 474 hərbi avtomobilini, 120 artilleriya qurğusunu, 7 PUA-sını, 27 hava hücumundan müdafiə sistemini, 56 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.
– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 2581 hərbi obyektini vurub. Məlumatda bildirilib ki, Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 123 S-300, “BuK M-1” və “Osa” ZRK, 81 radar stansiyası, 69 döyüş təyyarəsi, 24 helikopteri, 84 PUA-sı, 897 tank və digər zirehli döyüş maşınları, 95 reaktiv yaylım atəşi sistemi, 662 xüsusi təyinatlı hərbi texnikası, 336 artilleriya qurğusu və minaatanı məhv edilib.
– NATO Baş katibi Yens Stoltenberq bildirib ki, müharibə Ukrayna sərhədlərini aşarsa, Rusiya ordusuna qarşı 130 təyyarə, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmi, minlərlə əlavə qoşun yüksək hazırlıq vəziyyətindədir. Digər tərəfdən isə Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində NATO-nun fəaliyyətini tənqid edib: “NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil, Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”.
– Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya tərəfi yerli vaxtla 10:00-dan etibarən atəşkəs rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb. Atəşkəs rejimi başa çatdıqdan sonra Ukraynanın Mariupol şəhərinə doğru Rusiya qoşunları daha 800-900 metr irəliləyib. Rusiya Silahlı Qüvvələrinin bölmələri Peredovoe və Karerna yaşayış məntəqələrini nəzarətə götürüb.
– Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, hazırda 15 ölkədən Ukraynaya hərbi yardım gəlir. O, ABŞ-ın da Ukraynaya hərbi təchizat göndərməkdə davam etdiyini təsdiqləyib.
– Müharibənin on üçüncü günü Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-ları Rusiyaya məxsus bir neçə hərbi texnikanı məhv edib. Ukraynanın 128-ci dağ-hücum briqadası da növbəti dəfə Rusiya ordusunun tanklarına qarşı “Bayraktar TB2” PUA-lardan istifadə edib. Bildirilib ki, Rusiya ordusunun 3 ədəd T-80 tankını ukraynalı artilleriyaçılar nə qədər çalışsalar da, vura bilməyib. Səbəb isə ərazinin mürəkkəb relyefi olub. Buna görə də havaya “Bayraktar”lar qaldırılıb. Cəmi bir neçə dəqiqədən sonra “Bayraktar”lar 2 km hündürlükdən hər 3 tankı məhv edib. Qeyd edək ki, səhər saatlarında “Bayraktar”ın Rusiya ordusunun “Buk” ZRK-sini məhvetmə anının görüntüləri də yayılmışdı.
– Avropa İttifaqına daxil olan ölkələr Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa başlayıb.
– Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Rusiyanın hücumları nəticəsində 2 011 312 nəfər Ukraynanı tərk edib. Bildirilib ki, Polşaya 1,2 milyon, Macarıstana 191 min, Moldovaya 82 min, Slovakiyaya 140 min, Rumıniyaya 82 min, Rusiyaya 99 min, Belarusa 453 və digər Avropa ölkələrinə isə 210 mindən çox insan köçüb.
– Rusiyanın Ukraynanın ərazisində hərbi əməliyyatlara başlamasından bu yana Ukraynada 41 uşaq ölüb, 76 uşaq yaralanıb. Ümumilikdə isə, 474 mülki şəxs həyatını itirib, 861 dinc sakin yaralanıb.
Rizvan Fikrətoğlu




