Rusiya-Ukrayna müharibəsinin onuncu günü – XRONİKA

Rusiya-Ukrayna müharibəsinin onuncu günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin onuncu gününün xronikasını təqdim edir.

– Rusiya ordusu martın 5-də Ukraynanın Xarkov şəhərini atəşə tutmağa davam edib. Ukrayna silahlı qüvvələrinin Xarkov ətrafında əks-hücumu nəticəsində Rusiya hərbçiləri tutduqları mövqedən geri çəkilib. Xarkov yaxınlığında rusların 488-ci motoatıcı alayı məhv edilib. Gecə saatlarında Ukraynanın cənubunda – İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub. Çerniqovda vəziyyət gərgin olaraq qalıb.

– Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Bölməsi xəbər verir ki, Rusiya aviasiyası beşinci Slobojanska briqadasının (Xarkov) hərbi düşərgəsinə ağır aviasiya bombaları atıb: “Dörd hərbçi həlak olub. Yaralılar var. Briqadanın əsgərləri dağıntıları təmizləyir”. Qeyd olunur ki, itkilərə və infrastruktura ciddi ziyan dəyməsinə baxmayaraq, qvardiyaçılar Ukraynanın Silahlı Qüvvələri, Ərazi Müdafiəsi, Milli Polisi və Təhlükəsizlik Xidməti ilə birlikdə Xarkovun müdafiəsini davam etdirirlər.

– Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan verilən məlumata görə, önların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır: “Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın Fəxri konsulluğu daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir. Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox azərbaycanlı Xarkov şəhərindən təxliyə edilib”.

– Ukrayna silahlı qüvvələri Kiyev vilayətinin Qostomel şəhərini Rusiya hərbçilərindən geri alıb. Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskda (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

– Mykolaiv şəhər dövlət administrasiyası bildirib ki, Ukrayna Ordusu bütün Nikolaiv şəhəri üzərində nəzarəti bərpa edib. Rus qoşunları şəhərdən və Kulbakino hava limanından sıxışdırılıb çıxarılıb.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın işğalı ilə bağlı əməliyyat məlumatı yayıb. Bildirilib ki, Ukrayna xalqının rus hərbi işğalı ilə qəhrəmancasına müqavimətinin onuncu günündə də hücum əməliyyatı məqsədinə vaxtında nail ola bilməyən işğalçılar mülki infrastruktura bombardmançı təyyarələr də daxil olmaqla raket və bomba zərbələri endirməkdə davam edirlər: “Belə ki, bu gün düşmən Bilə Tserkvaya zərbə endirib, 20-dən çox evə ziyan dəyib. İrpendə bombardman nəticəsində bir dəmir yolu zədələndi və mülki insanları evakuasiya etmək üçün istifadə olunan qatar sıradan çıxıb”.

– Peremoha qəsəbəsi yaxınlığındakı Brovarıya yaxınlaşanda Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin 15 ayrı motoatıcı briqadasına hava zərbəsi endiriblər, itkilər dəqiqləşdirilir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 247-ci Qvardiya Hücum Alayının komandiri, polkovnik Konstantin Zizevskini öldürüb.

– Martın 5-də Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya ordusu Ukraynanın Jitomirdə “Javelin” və NLAW tank əleyhinə raket sistemlərinin yerləşdiyi anbarı məhv edib.

– Rusiya silahlı qüvvələri Xerson vilayətinin Radensk kəndi yaxınlığındakı Ukrayna hərbi bazasına da nəzarəti ələ keçirib. Ukrayna ordusu isə Rusiyanın Odessa yaxınlığındakı desant gəmisinə hücum edib. Odessa vilayətinin dövlət administrasiyası xəbər verib ki, Odessadakı dəniz sahili Rusiya donanmasının enişinin qarşısını almaq üçün minalanmışdır.

– Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində bildirib ki, Rusiya raket potensialından fəal istifadə edir. Təyyarələr şəhərləri, qəsəbələri, mülki infrastukturu bombalayır. O.Reznikov həmçinin Ukrayna Silahlı Qüvvələrinin duruma nəzarət etdiyini bildirib: “Biz əks-hücuma keçmişik. Rusların əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəlib. Biz qarşı tərəfin hücum cəhdlərini dəf edirik. Rusların xeyli itkisi var. Onların mənəvi-psixoloji durumu çox aşağıdır”.

– Ukrayna Milli Polisinin məlumatına görə, bütün Yakovlivka kəndi Rusiyanın bombardmanı nəticəsində dağıdılıb – kənddə olan 45 yaşayış evindən 24 ev tamamilə məhv edilib, 21 evə ciddi ziyan dəyib. Region polisi 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.

– Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti: Çerniqovda vurulan Rusiya təyyarəsi özəl sektorun yaşayış sahəsinə düşüb. Ölənlər barədə məlumat yoxdur. İki nəfəri xilas etmək mümkün olub. Bundan başqa Rusiyanın atdığı yüksək partlayıcı döyüş başlığı olan FAB-500 aviasiya bombası yaşayış evinə düşüb.

– Ukrayna Quru Qoşunlarının açıqlamasına görə, Ukrayna hərbçiləri Rusiyanın 200-cü briqadasına pusqu qurublar: “İşğalçılar 30-a yaxın texnikanı qoyub qaçıblar. Bunlara yanacaq sisternləri, MT-LB-lər, dizel və yanacaqla dolu dəstəkləyici maşınlar daxildir”.

– Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib ki, Oçakov şəhərinə yaxınlaşan Rusiyaya məxsus daha bir təyyarə vurulub. Odessadan 60 km şərqdə Su-25 döyüş təyyarəsi Ukrayna dəniz piyadası tərəfindən məhv edilib. Pilotlar əsir götürülüb. “Bu, birinci gün deyil ki, Rusiya Federasiyası Oçakiv şəhərini viran qoymağa çalışır, o cümlədən hava zərbələri ilə yerliləri qorxudur. Lakin Ukrayna özünü cəsarətlə müdafiə edir”, – Hərbi Dəniz Qüvvələri komandanlığı “Facebook”-da yazıb.

– Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksii Neyijpapa Nikolaev vilayətində daha dörd rus helikopterinin vurulduğunu deyib: “Dəniz piyadalarımız “Cənub” Operativ Komandanlığı ilə birlikdə düşmənin 4 helikopterini, üstəlik dəniz piyadalarından biri eyni vaxtda üç bölməni vurub”.

– Açıqlanan məlumatlara görə, martın 5-də Rusiyanın 2 təyyarəsi, 5 helikopteri 1 PUA-sı vurulub, 3 pilot əsir götürülüb, 1-i öldürülüb. Əsir düşən Rusiya hərbçiləri həmvətənlərinə müraciət edərək, Ukraynada müharibənin dayandırılması üçün əllərindən gələni etməyə çağırıblar.

– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, fevralın 24-dən bu günə qədər Rusiyanın məhv edilən texnikaları arasında 269 tank, 945 zirehli döyüş maşını, 105 artilleriya sistemi, 50 zenit-raket kompleksi, 19 hava hücumundan müdafiə sistemi, 39 təyyarə, 40 helikopter, 409 avtomobil, 2 yüngül sürət kateri, yanacaq-sürtkü materialları olan 60 sistern, 3 əməliyyat-taktiki pilotsuz uçuş aparatı var. Bildirilib ki, hərbi əməliyyatlar zamanı Ukrayna ordusu 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını məhv edib. Qeyd olunub ki, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, martın 5-də Ukraynanın 5 radar stansiyası, 2 “Buk M-1” ZRK-si, 4 Su-27 təyyarəsi, 1 Su -25 təyyarəsi, 1 Mi-8 helikopteri və 1 “Bayraktar TB2” PUA-sı məhv edilib. Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 2119 hərbi obyektini vurub. Məlumatda bildirilib ki, Ukraynanın 74 idarəetmə məntəqəsi və rabitə sistemi, 108 S-300, “BuK M-1” və “Osa” ZRK, 68 radar stansiyası, 69 döyüş təyyarəsi, 21 helikopteri, 59 PUA-sı, 748 tank və digər zirehli döyüş maşınları, 76 reaktiv yaylım atəşi sistemi, 532 xüsusi təyinatlı hərbi texnikası, 274 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demək olar ki, bütün hərbi infrastukturunun məhv edildiyini bildirib.

– Ukrayna tərəfi bildirib ki, Rusiyanın Ukraynaya qoşun yeritməsi nəticəsində bu günə qədər 32 ukraynalı uşaq öldürülüb, 70-i yaralanıb.

– Ukrayna Prezident Ofisi ölkənin Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb. Bildirilib ki, bu addım şəhərin mühüm infrastrukturunun – elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq. Əhalinin təxliyəsi üç məntəqə üzrə bələdiyyə avtobusları ilə həyata keçiriləcək.

– Ukrayna tərəfi bildirib ki, Rusiya humanitar dəhlizlər üçün yaradılmış atəşkəs rejiminə hörmət etmirlər. Mariupoldan təxliyə qeyri-müəyyən vaxta təxirə salınıb.

– Rusiya hərbçiləri təcili yardım maşınlarının qarşısını kəsiblər. Həkimlər ağır yaralı iki uşağı xəstəxanaya apara bilməyiblər və nəticədə onların ölümü ilə nəticələnib.

– Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundunun keçirilmə vaxtı məlum olub. Bildirilib üçüncü raund bazar ertəsi, martın 7-də baş tutacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS