Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin otuz altıncı günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz altıncı gününün xronikasını təqdim edir.

– Martın 28-də Ukrayna Silahlı Qüvvələrinin bölmələri müxtəlif bölgələrdə yerləşən yaşayış məntəqələrinin bir qismini Rusiya hərbçilərindən azad edib.

– Ukrayna Ordusunun bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti), Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele yaşayış məntəqələrini geri alıb. Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.

– Rusiyanın Silahlı Qüvvələri qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarıb. Rəsmi məlumata görə, martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan 200-ə yaxın hərbçi ilə vida mərasimi keçirilib.

– Ukraynanın “Azov” alayı Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin daha 3 tankını və 64 hərbçisini məhv edib. Onların arasında xüsusi təyinatlılar da var.

– Britaniya elektron kəşfiyyatının rəhbəri Ceremi Fleminq Rusiya Silahlı Qüvvələrinin bölmələrinin Ukraynada öz təyyarələrindən birini təsadüfən vurduqlarını deyib.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib ki, Ukrayna ordusu Donetsk və Luqansk istiqamətində Rusiya ordusunun 5 hücumunun qarışısını alıb. Ukrayna hərbçiləri Rusiyanın 10 tank, 18 zirehli texnika, 13 avtomobil, 15 artilleriya qurğusunu məhv edib.

– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 135 təyyarəsini, 131 helikopterini, 614 tankını, 1735 zirehli texnikasını, 1201 hərbi avtomobilini, 311 artilleriya qurğusunu, 83 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 96 yayılım atəşli reaktiv sistemini, 22 xüsusi nəqliyyat vasitəsini, 75 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 17 500 nəfər hərbiçisi öldürülüb.

– Müharibə başlayandan indiyədək Ukraynada rus ordusunun bombardmanları və atəşi nəticəsində 797 təhsil müəssisəsi zərər görüb, onlardan 76-sı tamamilə dağıdılıb.

– Ukrayna Baş Prokurorluğu Rusiya hərbçilərinə qarşı 3457 cinayət içi açıb. Bildirilib ki, Ukraynada 380-dən çox uşaq zərər çəkib. Onlardan 148-i ölüb, 232-si yaralanıb.

– Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına əsasən, Rusiya qoşunların bir hissəsini Donetsk və Luqansk vilayətlərinin ərazilərinə köçürür və səylərini bu istiqamət üzərində tam nəzarətin yaradılmasına yönəldir. Baş Qərargah əlavə edib ki, Rusiyanın Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və logistika infrastrukturuna raketlərdən zərbə endirməsi təhlükəsi qalmaqdadır. O cümlədən, Rusiya 35-ci, 36-cı əlahiddə ümumqoşun ordusunun bölmələrini və hava desant qoşunlarının 76-cı hava desant hücum diviziyasını Poleyski əməliyyat zonasından hərəkətə gətirir.

– Gecə ərzində Kiyevdən İvankov istiqamətində, Belarus sərhədinə doğru geri çəkilən 700-ə yaxın Rusiya hərbi texnikası qeydə alınıb.

– Rusiya ordusu Ukraynanın Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirib. Rusiya Ukraynanın Zolotaya Niva yaşayış məntəqəsini tam nəzarətə götürüb. İrəliləmə sutkada altı kilometr olub.

– Rusiya hərbçiləri Dnepropetrovsk vilayətindəki hərbi obyektə raket zərbələri endirib. Raket zərbələri nəticəsində inzibati bina və yanacaq anbarı dağılıb, iki nəfər ölüb, beş nəfər isə yaralanıb.

– Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemiləri İzyum şəhərindən 30 kilometr qərbdə Ukraynaya məxsus Mi-24 helikopterini vurub. O, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd PUA-nın vurulduğunu söyləyib. Ümumilikdə isə Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son sutka ərzində biri “Bayraktar TB2” olmaqla Ukraynanın 22 PUA-sını vurub.

Rusiya Müdafiə Nazirliyi Mariopulda Ukraynanın 2 ədəd Mi-8 helikopterinin vurulduğunu qeyd edib. Həmçinin Ukraynanın “Buk” zenit-raket kompleksinin məhv edildiyi anlarının görüntüsünü yayıb.

General-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hava-Kosmik Qüvvələri operativ-taktiki və pilotsuz aviasiya vasitəsilə S-300 hava hücumundan müdafiə sistemi də daxil olmaqla, son sutkada Ukraynanın 52 obyektini məhv edib. Onların arasında 4 komanda məntəqəsi, 2 reaktiv yaylım atəş sistemi, 1 sursat və raket-artilleriya anbarı, 2 yanacaq-sürtkü materialları anbarı və 38 dayaq məntəqəsi və hərbi texnikaların yığıldığı rayonlar var.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 124 təyyarəsi, 80 helikopteri, 345 PUA-sı, 1826 tank və digər zirehli döyüş maşınları, 1704 xüsusi nəqliyyat vasitəsi, 195 reaktiv yaylım atəşi sistemi, 214 zenit-raket kompleksi, 766 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button