Rusiya-Ukrayna müharibəsinin otuz birinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz birinci gününün xronikasını təqdim edir.
– Martın 26-da Ukrayna silahlı qüvvələri rus ordusunun Ukraynadakı mövqelərinə hava zərbələri endirib.
– Donetsk və Luqansk istiqamətlərində Ukrayna hərbçiləri rus qoşunlarının 9 hücumunun qarşısını alıblar. Rusiyanın 8 tankını, 17 zirehli texnikasını və 11 hərbi avtomobili məhv edilib. Gün ərzində rusların ümumi canlı itkisi 170 nəfər təşkil edib. Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri Donbas səmasında Rusiya Ordusunun 3 təyyarəsini və 3 “Orlan-10” pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 117 təyyarəsini, 127 helikopterini, 575 tankını, 1640 zirehli texnikasını, 1131 hərbi avtomobilini, 293 artilleriya qurğusunu, 56 PUA-sını, 51 hava hücumundan müdafiə sistemini, 91 yayılım atəşli reaktiv sistemini, 19 xüsusi nəqliyyat vasitəsini, 73 yanacaq sisternini və 7 gəmi/qayığını, 2 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 16 400 nəfər hərbiçisi öldürülüb.
– Martın 26-da Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərini Rusiya hərbçilərindən azad edib. Ukrayna hərbçiləri Rusiya qoşunlarının silah-sursatını və döyüş texnikalarını ələ keçiriblər.
– Rəsmi məlumata görə, Rusiya qoşunları Xersona tam nəzarət edə bilmir. Bildirilib ki, Ukrayna hərbçiləri şəhərdə şiddətli döyüşlər aparır və Rusiya qüvvələrini geri çəkilməyə məcbur edilir. Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, ancaq döyüşlər davam edir.
– Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir.
– Ukrayna Müdafiə Nazirliyi Rusiya silahlı qüvvələrinin paytaxt Kiyevin 50 km-liyində yerləşən Makarov qəsəbəsinə ağır raket və artilleriya zərbələri etdirdiyini bildirib. Müharibənin ilk günündə burada rusiya qoşunları görünsə də, hazırda administrasiya binasında Ukrayna bayrağı dalğalanır.
– Odessa vilayətində rus işğalçıları dənizdən sahilə diversiya-kəşfiyyat qrupu çıxarmağa cəhd edib, ancaq Ukrayna ordusunun sərt müqaviməti ilə üzləşib və geri çəkilib.
– Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, Lvov şəhəri ətrafında 3 partlayış səsi eşidilib. Lvova raket hücumları nəticəsində 5 nəfər yaralanıb.
– Rusiya ordusu Ukraynanın Slavutiç şəhərinin ərazisinə daxil olub. Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib. Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib. O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar.
– Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov Rusiya hərbi aviasiyasının son sutkada Ukraynanın 117 hərbi obyektinə zərbə endirdiyini deyib. Onun sözlərinə görə, zərbə endirilən hərbi obyektlər arasında – komanda məntəqəsi, 3 reaktiv yaylış atəş sistemi, 1 S-300 zenit-raket sistemi və 9 sursat anbarı var.
– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu Nikolayev vilayətində yanacaq bazasını məhv edib. Zərbə yüksək dəqiqliyə malik “Oniks” qanadlı raketi ilə endirilib.
– Rusiya Müdafiə Nazirliyi “İsgəndər” əməliyyat-taktiki raket kompleksindən endirilən zərbə ilə Kiyev yaxınlığında Ukraynanın “Buk” ZRK-sinin məhv edilməsinin görüntüsünü yayıb. Bildirilib ki, “Buk-M1” ZRK döyüş növbətçiliyində olub.
– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 267 PUA-sı, 1618 tank və digər zirehli döyüş maşınları, 1453 xüsusi nəqliyyat vasitəsi, 166 reaktiv yaylım atəşi sistemi, 207 zenit-raket kompleksi, 662 artilleriya qurğusu və minaatanı məhv edilib.
– CNN məlumatına görə, Rusiya Gürcüstan ərazisindəki ordusunu Ukraynaya göndərir. Göndəriləcək qoşunların və texnikanın sayı barədə məlumat verilməyib. Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyünə müdaxiləsindən sonra Abxaziya və Cənubi Osetiya regionunda qoşun saxlayır.
– BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatında Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri bu ölkədə 2 788 dinc sakin zərər çəkib, 1 081 mülki şəxs isə həlak olub. BMT-nin təsdiqlənmiş məlumatlarına görə, 219 kişi, 165 qadın, 30 oğlan uşağı və 15 qız uşağı ölüb, 48 uşaq və 604 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib. Yaralanan 1 707 nəfərdən 28-i qız uşağı, 23-ü oğlan uşağıdır, o cümlədən 69 uşağın cinsiyyəti hələlik dəqiqləşdirilməmiş qalır.
– Ukrayna Baş Prokurorluğunun Ofisi bildirib ki, Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən sonra 136 uşaq həlak olub, 199-u isə yaralanıb. Uşaqlar ən çox Kiyev (64), Xarkov (44), Donetsk (50), Çerniqov (38), Mikolayev (28), Luqansk (25), Zaporojye (17), Xerson (20), Kiyev (16), Jitomir (15) və Sumı (14) bölgələrində zərər çəkib.
– Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün rəsmi “Tvitter” səhifəsində bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti Ukraynanın paytaxtı Kiyevə 30 ton humanitar yardım göndərib.
Rizvan Fikrətoğlu




