Rusiya-Ukrayna müharibəsinin otuz ikinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz ikinci gününün xronikasını təqdim edir.
– Martın 27-də Rusiya silahlı qüvvələri şimalda Xarkov, cənubda Mariupoldan irəliləyərək Ukraynanın şərqində Ukrayna qüvvələrini mühasirəyə almağa səy göstərib. Ukrayna ordusu Xarkov, Sum, həmçinin Kiyev və Xerson vilayətlərində əks-hücum əməliyyatı həyata keçirib. 
– Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib. Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus Su-34 qırıcısını məhv edib.
– Ukraynanın “Şərq” əməliyyat-taktiki qrupu 60-a qədər Rusiya əsgərini məhv edib. “Şərq” əməliyyat-taktiki qrupu Rusiya ordusunun dörd hücumunu dəf edib.
– Ukrayna ordusu sutka ərzində Rusiya Ordusunun 1 təyyarəsini, 8 tankını, 11 zirehli texnika və xüsusi avtomobilini, 12 pilotsuz uçuş aparatını (PUA), 2 raket və minaatan sistemini məhv edib. Luqansk və Donetsk istiqamətlərində Ukrayna ordusu Rusiya ordusunun 7 hücumunu dəf edib.
– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 121 təyyarəsini, 127 helikopterini, 582 tankını, 1664 zirehli texnikasını, 1144 hərbi avtomobilini, 294 artilleriya qurğusunu, 56 PUA-sını, 52 hava hücumundan müdafiə sistemini, 93 yayılım atəşli reaktiv sistemini, 21 xüsusi nəqliyyat vasitəsini, 73 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 16 600 nəfər hərbiçisi öldürülüb
– Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib ki, Ukrayna hərbçiləri paytaxt Kiyevə daxil olmaq istəyən Rusiya qoşunlarını 70 kilometr geri oturdublar. O vurğulayıb ki, Kiyev yaxşı qorunur və şəhərin müdafiəsi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri tərəfindən həyata keçirilir.
– Ukrayna ordusu Xarkov vilayətinin Qusarovka kəndini ruslardan azad edib. Ukrayna ordusu bu istiqamətdə düşmənin 60-a yaxın zirehli texnikasını, 100-dən çox hərbçisini məhv edib.
– Ukrayna ordusu Xarkov vilayətinin Olxovka kəndini də azad edib. Kəndin azad edilməsi əməliyyatı zamanı Rusiya ordusunun 70 əsgəri, 3 texnikası məhv edilib. Bundan başqa 1 komanda-qərargah maşını və 1 MTLB zirehli maşını qənimət kimi götürülüb. Rusiya Ordusunun 27 hərbçisi əsir alınıb.
– Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik Ukrayna silahlı qüvvələri tərəfindən Zaporojye vilayətinin Poltovka kəndinin Rusiya qoşunlarından geri alındığını deyib. Onun sözlərinə görə, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir. Rusiya qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsalar da, bu hücumlar dəf edilib.
– Zaporojye vilayətinin ərazi müdafiə qüvvələri daha əvvəl Malinovkanı da Rusiya hərbçilərindən azad edib. Məlumata görə, Rusiya tərəf onlarla hərbçi itirib. Zaporojye Regional Hərbi Administrasiyası məlumatı təsdiqləyib. Bildirilib ki, kənd tamamilə azad olunub. Hücum əməliyyatı nəticəsində ukraynalı müdafiəçilərlə döyüşdə Rusiyanın 80-dək hərbçisi həlak olub, bir neçə zirehli texnikası sıradan çıxarılıb.
– Martın 27-də Ukraynanın Luqansk vilayətinin Rubejnı və Popasnı şəhərlərində gərgin döyüşlər gedib. Rusiya ordusu artilleriyanın köməyi ilə hücuma keçməyə cəhd göstərsə də, itkilər verib.
– Bu gün Odessaya atılan iki raket Ukrayna Hava Hücumundan Müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib.
– Ukraynanın Çerniqov şəhərində strateji infrastruktur obyektlərinin vurulması və aktiv döyüş əməliyyatları səbəbindən elektrik enerjisi, istilik və su təchizatı yoxdur. Son sutka ərzində vilayətdə 8 yanğın hadisəsi qeydə alınıb, onlardan 1-i Rusiya ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində baş verib. Ümumilikdə döyüş əməliyyatları başlayandan indiyədək 386 yanğın söndürülüb ki, onlardan 257-si açılan atəş nəticəsində baş verib. 10-u uşaq olmaqla 44 nəfər xilas edilib.
– Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb, 205-dən çox uşaq yaralanıb.
– Rusiya tərəfinin açıqlamasına görə, martın 27-də Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib. Həmçinin, İzyum şəhəri yaxınlığında cəbhədə vəziyyət Rusiya Silahlı Qüvvələrinin xeyrinə dəyişməyə başlayıb.
– Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya hərbçiləri yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyev şəhərindən 30 kilometr cənub-qərbdə Plesetsk yaşayış məntəqəsində yerləşən S-300 və “Buk” zenit-raket komplekslərinin anbarını məhv edib.
– Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya ordusu Ukraynanın 2S-7 “Pion” artilleriya sistemini yüksək dəqiqlikli raketlə məhv edib.
– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 289 PUA-sı, 1656 tank və digər zirehli döyüş maşınları, 1503 xüsusi nəqliyyat vasitəsi, 169 reaktiv yaylım atəşi sistemi, 684 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rizvan Fikrətoğlu




