Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin otuz səkkizinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz səkkizinci gününün xronikasını təqdim edir.

Aprelin 2-də Ukrayna Silahlı Qüvvələrinin hərbi birləşmələri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya ordusundan azad ediblər. Ukrayna silahlı qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini isə nəzarətə götürüb.

Böyük Britaniya Müdafiə Nazirliyinin günün birinci yarısında yaydığı kəşfiyyat məlumatlarına əsasən, Ukrayna qüvvələri şimal-qərb istiqaməti boyunca İrpendən Buça və Qostomel istiqamətində irəliləməkdə davam ediblər. Şərq istiqamətində Ukrayna bir neçə kəndi azad edib. Ölkənin şərqində Ukrayna qüvvələri ağır döyüşlərdən sonra şərqi Xarkovda əsas marşruta nəzarəti bərpa edib.r3

Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya Ukraynanının Slobojanskaya, Donetsk və Luqansk istiqamətlərində gələcək hücum əməliyyatlarında qüvvələrin qruplaşmasını gücləndirmək üçün bəzi ərazilərdə qoşunlarını geri çəkir.

Ukrayna ordusu Çerniqovdan qərbdə, Belarusla sərhəddən 30 kilometr aralıda yerləşən Mixaylo-Kotsyubinsko kəndini işğalçılardan azad edib.

Rusiya ordusunun Ukraynanın Nikolayev şəhərində dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb. Ölənlər arasında administrasiya rəhbərinin köməkçisi də var.

Rusiya ordusu Ukraynanın şərqindəki Xarkov vilayətinin Balakliya şəhərində regional xəstəxanaya da hücum edib. Hücumdan sonra 70 xəstə və tibbi heyət təxliyə edilib. Xarkov qubernatoru Oleq Sinegubov regional xəstəxanaya hücum nəticəsində xəstəxananın bir hissəsinin zədələndiyini deyib.

Aprelin 2-də Ukrayna hərbçiləri Rusiya ordusunun hərbi kolonuna zərbələr endirib. Hücum nəticəsində Rusiyanın TOS-1 “Buratino” ağır odsaçan sistemi məhv edilib.

r1Ukrayna tərəfinin rəsmi məlumatına görə, Rusiya qüvvələri Luqansk vilayətində xeyli itki verib. Ukrayna Silahlı Qüvvələrinin bölmələri sutka ərzində Donetsk və Luqansk istiqamətində Rusiya ordusunun 9 hücumunu dəf edib, Rusiya Ordusunun 8 tankı, 44 zirehli maşını, 16 xüsusi avtomobili və 10 artilleriya qurğusu məhv edilib.

Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 143 təyyarəsini, 134 helikopterini, 631 tankını, 1776 zirehli texnikasını, 1236 hərbi avtomobilini, 317 artilleriya qurğusunu, 87 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 100 yayılım atəşli reaktiv sistemini, 24 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 17 800 nəfər hərbiçisi öldürülüb.

Ukrayna Baş Prokurorluğunun bəyanatında bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq isə yaralanıb. Qeyd edilib ki, ən çox Kiyev, Donetsk, Xarkov, Çerniqov və Nikolayev regionlarında yaşayan uşaqlar müharibənin qurbanına çevriliblər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı məlumatda Rusiya qoşunlarının aviasiya əməliyyatları taktikasını dəyişərək, əsasən ölkənin şərqində aktivlik göstərdikləri qeyd olunub.r4

Ukrayna Baş Qərargahından bildirilib ki, Belqorodda ardıcıl partlayışlardan sonra Rusiya ordu komandanlığı əraziyə əlavə qüvvələr yığır. Məlumata görə, Qərb Hərbi Dairəsinin 1-ci tank ordusunun 4-cü tank diviziyasının birlikləri Dolbino dəmiryol vağzalına gətirilib. Qeyd edək ki, ötən gün Rusiyanın Belqoroddakı neft bazaları Ukayna tərəfindən raketlə vurulub. Rusiya Ukraynanın bu hucumunun iki helikopterlə gerçəkləşdirdiyini desə də, Ukrayna rəsmi olaraq bu məlumatı hələ təsdiqləməyib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya qoşunları Poltava vilayətindəki Mirqorod hərbi aerodromunu sıradan çıxarıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Ordusunun Hava Hücumundan Müdafiə bölmələri Sum üzərində Ukraynanın iki zərbə helikopterini məhv edib. Onun sözlərinə görə, iki Mi-24 helikopteri ilə yanaşı Ukraynanın son sutkada 34 PUA-sı zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 125 təyyarəsi, 88 helikopteri, 381 PUA-sı, 1888 tank və digər zirehli döyüş maşınları, 1771 xüsusi nəqliyyat vasitəsi, 205 reaktiv yaylım atəşi sistemi, 793 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button