
Rusiya-Ukrayna müharibəsinin qırx doqquzuncu günü – XRONİKA
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx doqquzuncu gününün xronikasını təqdim edir.
Aprelin 13-də Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya ordusu tərəfindən mühasirəyə alınmış Mariupol şəhərində Ukrayna dəniz piyadaları 36-cı briqadasının döyüşçüləri çətin əməliyyat nəticəsində “Azov” alayı ilə birləşib. Bildirilib ki, bu əməliyyat nəticəsində həm “Azov” alayı ciddi dəstək əldə edib, həm də 36-cı briqada hissə-hissə məhv edilməkdən qurtulub. Artıq şəhəri müdafiə edən qüvvələr daha geniş imkanlar qazanıblar.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiyanın əsas hədəfi Ukraynanın şərqidir. Onun sözlərinə görə, Rusiya ordusu Xerson və Xarkov vilayətlərini nəzarətdə saxlamaq istəyir. Ölkənin digər ərazilərində də risklər qalmaqdadır.
Ukrayna KİV-i iddia edir ki, Rusiya qoşunları Mariupolda kimyəvi silahdan istifadə edib. Kimyəvi silahlar pilotsuz uçuş aparatlarından (PUA) buraxılıb.
ABŞ Prezidenti Cozef Bayden Kiyevə 750 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib. Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib. ABŞ və Avropa İttifaqı Ukraynaya silah tədarükünü artırmaq niyyətindədir. Yaxın vaxtlarda Ukraynaya əlavə silahlar göndərilməsi planlaşdırılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Zaporojye vilayətlərində mülki infrastruktura raket zərbələri endirib. Rusiya Ukraynanın Yujnobuq istiqamətində müxtəlif yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib.
Aprelin 13-də Ukraynaın ordusu Donetsk və Luqansk ərazisində Rusiyanın 6 hücumunu dəf edib, 2 avtomobilini və 3 artilleriya sistemini sıradan çıxarıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri Rusiyanın Su-25 qırıcısını vurub. Müharibə başlayandan indiyədək Ukrayna zenitçiləri Rusiyanın 300 hava hədəfini məhv edib.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 158 təyyarəsini, 143 helikopterini, 739 tankını, 1964 zirehli texnikasını, 1429 hərbi avtomobilini, 358 artilleriya qurğusunu, 132 PUA-sını, 64 hava hücumundan müdafiə sistemini, 115 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19800 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusunun Ukraynadakı 48 gündə itkisi Sovet İttifaqının Əfqanıstandakı 10 illik müharibəsindən daha yüksək səviyyəyə çatıb.
ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb.
Rusiya KİV-i bildirib ki, Ukraynanın Mariupol şəhərində mindən çox ukraynalı dəniz piyadası Rusiya hərbçilərinə təslim olub.
Rusiya Ordusunun bölmələri gün ərzində Ukraynanın 676 hərbçisini, 11 komanda məntəqəsini, 5 maddi-texniki təchizat anbarını məhv edib.
Rusiya helikopterləri Ukraynanın “Buk” hava hücumundan müdafiə sistemini məhv edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Rusiya qoşunları Ukraynanın Sadovoye və Çudnov ərazilərində yüksək dəqiqlikli raketlərlə Ukrayna qoşunlarının iki iri raket və artilleriya silah anbarını məhv edib. Həmçinin Mirqorod hərbi aerodromunda Ukraynanın 2 ədəd Mi-24 və 2 ədəd Mi-8 olmaqla, 4 helikopteri vurulub.
Rusiya Hərbi-Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 46 hərbi obyektini vurub. Onların arasında Ukraynanın Borovoy bölgəsində 2 komanda məntəqəsi və radiolokasiya stansiyası, 2 yaylım atəşli raket sistem, o cümlədən Borovoy və Peski-Radkovskoye ərazilərində cəmləşən hərbi texnikalar yer alır.
Bundan başqa, Rusiya ordusu hava hücumundan müdafiə sistemləri ilə Afanasyevka kəndi üzərində Ukraynanın PUA-sını vurub.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 130 təyyarəsi, 103 helikopteri, 244 zenit-raket kompleksi, 241 yayılım atəşli reaktiv sistemi, 447 PUA-sı, 2169 tank və digər zirehli döyüş maşınları, 2076 xüsusi nəqliyyat vasitəsi, 931 artilleriya qurğusu və minaatanı məhv edilib.
Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsində azı 20 jurnalist öldürülüb. Qeyd edək ki, bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölüm xəbəri təsdiqlənən jurnalistlərdir.
Rizvan Fikrətoğlu