Rusiya-Ukrayna müharibəsinin qırx dördüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx dördüncü gününün xronikasını təqdim edir.
Aprelin 8-də Ukraynanın Sumı vilayəti Rusiya ordusundan tamamilə azad edilib.
Ukraynanın “Azov” alayı Mariupolda Rusiya ordusuna ağır zərbələr vurmaqda davam edib. Alay tərəfindən Rusiyaya məxsus BMP portativ silah sistem ilə məhv edilib.
Ukraynanın “Şərq” əməliyyat-taktiki qrupu tərəfindən Rusiyanın 4 tankı, 1 piyadaların döyüş maşını, 1 zirehli döyüş texnikası, 3 artilleriya sistemi, 1 helikopteri və 50 nəfərə qədər şəxsi heyəti məhv edilib.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 150 təyyarəsini, 135 helikopterini, 700 tankını, 1891 zirehli texnikasını, 1361 hərbi avtomobilini, 333 artilleriya qurğusunu, 112 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 108 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19000 nəfər hərbiçisi öldürülüb.
Ukrayna Baş Prokurorluğundan bildirilib ki, Rusiya hərbçiləri Xerson vilayətinin işğal olunmuş ərazisindən Dnepropetrovska təxliyə olunmağa çalışan insanların olduğu qayığı atəşə tutub. Atəş nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər ölüb, həmçinin 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin vaxt qayıqda olan daha 2 nəfərin taleyi isə hələ ki məlum deyil.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Qərb ölkələrinin artıq Ukraynaya 60 minə yaxın tank əleyhinə sistem və 25 min daşına bilən hava hücumundan müdafiə sistemi verdiyini deyib. ABŞ Dövlət katibi Entoni Blinken isə qeyd edib ki, Qərb ölkələri yardım çərçivəsində Ukraynaya verdikləri silah çeşidini genişləndirməyi planlaşdırır.
Böyük Britaniya Baş naziri Boris Conson Böyük Britaniyanın Ukraynaya 130 milyon ABŞ dolları dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasının göndəriləcəyini bildirib. Onun sözlərinə görə, partiyaya yüksək dəqiqlikli silahlar, o cümlədən səsdən üçqat sürətlə hərəkət edən “Starstreak” daşınan zenit raketləri, 800 tank əleyhinə raket və idarə olunan döyüş sursatları daxil ediləcək.
Çexiya Ukraynaya 5 ədəd T-72 tankı, 5 ədəd BMP-1 piyada döyüş maşını, o cümlədən açıqlanmayan sayda haubitsa və yaylım atəşli reaktiv sistemi göndərib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti bildirib ki, müharibədə iştirak edən Rusiya Ordusunun ayrı-ayrı bölmələrininin hərbçilərinin 80%-dən çoxu döyüş əməliyyatlarına qoşulmaq istəmir. Qeyd olunub ki, xüsusi hərbi əməliyyatlar davam etdiyi müddətdə rus hərbçilərinə qoşun sıralarını tərk etmək qadağan edilib.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilib ki, müharibə başlayandan indiyədək 4,3 milyondan çox insan Ukraynanı tərk edib. Məlumata görə, onların əksəriyyəti Polşaya gedib, hazırda orada 2,53 milyondan çox ukraynalı var. Həmçinin, Rumıniyaya 671 min, Macarıstana 408 min, Moldovaya 404 min və Slovakiyaya 307 minə yaxın insan gedib.
Rusiyanın hücumu nəticəsində Ukraynada ümumilikdə 475 uşaq zərər çəkib – 169 uşaq ölüb, 306 uşaq isə yaralanıb. Rusiyanın bombardmanları nəticəsində 928 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 84-ü tamamilə dağılıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov Odessa vilayətində böyük bir raket və artilleriya anbarının məhv edildiyini bildirib. O əlavə edib ki, Kirovoqrad vilayətindəki Kanatovo hərbi aerodromunda Ukrayna silahlı qüvvələrinin aviasiya texnikası da məhv edilib. Ukrayna hökuməti Odessa vilayətində komendant saatı tətbiq edib.
Rusiya Hərbi-Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 54 hərbi obyektini vurub.
Rusiyanın hava hücumundan müdafiə sistemləri vasitəsilə Novomixaylovka yaxınlığında Ukraynaya məxsus Su-27 qırıcısını vurulub.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 126 təyyarəsi, 95 helikopteri, 225 yayılım atəşli reaktiv sistemi, 421 PUA-sı, 2024 tank və digər zirehli döyüş maşınları, 1923 xüsusi nəqliyyat vasitəsi, 876 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rusiyanın Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 4-ü uşaq olmaqla, 30-dan çox insan həlak olub, 100-dən çox insan isə yaralanıb.
Rəsmi məlumata görə, Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərində möhkəmlənmək istəyir. Bildirilib ki, Belarus ərazisindən də Ukraynaya raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksəkdir.
Britaniyanın hərbi kəşfiyyatının məlumatında Rusiya silahlı qüvvələrinin Ukraynanın şimalından tamamilə çıxarılması və başqa yerlərdə döyüşmək üçün yenidən yerləşdirilməsinə ən azı bir həftə lazım olacağı qeyd olunub. Bildirilib ki, şimalda Rusiya qoşunları Ukraynadan tam olaraq Belarus və Rusiyaya çəkilib. Bu qüvvələrin ən azı bir hissəsi Donbasda hərbi əməliyyatlar aparmaq üçün Ukraynanın şərqinə köçürüləcək, şimaldan istənilən kütləvi yerdəyişmə ən azı bir həftə çəkə bilər.
Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edən daha azərbaycanlı həlak olub.
Rizvan Fikrətoğlu




