Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin qırx ikinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx ikinci gününün xronikasını təqdim edir.

Aprelin 6-da Rusiya ordusu Ukraynanın Xerson vilayətinin inzibati sərhədlərində möhkəmlənməyə və Donetsk istiqamətində müdafiəni yarmağa çalışıblar. Rusiya Silahlı Qüvvələri qoşunlarını yenidən qruplaşdırıb və kəşfiyyat aparıb, Yujnobuqski əməliyyat bölgəsində ayrı-ayrı bölmələrin taktiki mövqeyini yaxşılaşdırmağa və Xerson vilayətinin inzibati sərhədlərində möhkəmlənməyə çalışıblar.

Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən, mühasirəyə alınmış Mariupol şəhərində şiddətli döyüşlər və Rusiya aviasiyasının zərbələri davam edib. Qeyd edək ki, Ukraynanın 430 min əhalisi olan Mariupol şəhəri martın 1-dən bəri Rusiya Silahlı Qüvvələrinin mühasirəsi altınadadır. İşğalçı qüvvələr şəhərə sıza bilsə də, yaşayış məntəqəsinə nəzarəti tam ələ keçirməyə nail olmayıblar. Şəhərin müdafiəsində əsas qüvvə Ukraynanın “Azov” alayıdır. Əhalinin yarısından çoxu humanitar dəhlizlər vasitəsilə şəhəri tərk edə bilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Kiyev vilayətində avtomat silahlar və ağır pulemyotlar daşıyan Rusiya Qvardiyasının hərbi karvanını məhv edib. Rusiya Qvardiyasının 748-ci əməliyyat alayının hərbçiləri Kiyev vilayətinin Daymer şəhəri yaxınlığında məhv edilib.

Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 150 təyyarəsini, 135 helikopterini, 684 tankını, 1861 zirehli texnikasını, 1324 hərbi avtomobilini, 332 artilleriya qurğusunu, 94 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 107 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 18600 nəfər hərbiçisi öldürülüb.

Pentaqon sözçüsü bildirib ki, ABŞ ordu ehtiyatlarından 100 ədəd PUA Ukraynaya yola salınıb. Eyni zamanda, ABŞ bu dronları idarə edəcək kadrların da hazırlanmasına kömək edəcək. Bundan başqa, ABŞ Prezidenti Co Bayden Ukraynanın təcili ehtiyacını ödəmək üçün “Javelin” tank əleyhinə idarə olunan raket komplekslərinin tədarükü üçün 100 milyon ABŞ dolları dəyərində əlavə hərbi yardımını təsdiqləyib.

Aprelin 6-da Ukrayna qoşunları Donbasın Qorlovka şəhərinə hücumları davam etdirib. Hücum zamanı Ukrayna ordusu qumbaraatandan və atıcı silahlardan istifadə edib. Ukraynanın Qostomel şəhərində 35 gün davam edən işğalda 400-dən çox insan itkin düşmüş hesab olunur.

Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatında bildirilib ki, işğal başlayandan Kiyevdə uşaqlar da daxil olmaqla ən azı 89 nəfər öldürülüb, 167 ev dağıdılıb. Şəhərdə 20-si uşaq olmaqla ümumilikdə 398 nəfər yaralanıb. Məlumatda o da qeyd olunub ki, Rusiya qoşunları 44 məktəb binasını, 11 inzibati binanı, 26 uşaq bağçasını və körpələr evini dağıdıb. Eləcə də, 2 idman obyekti, 4 sosial müəssisə, 17 səhiyyə müəssisəsi, 10 mədəniyyət müəssisəsi və 48 nəqliyyat infrastrukturu Rusiya tərəfindən hücuma məruz qalıb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 167 uşaq ölüb, 279 uşaq isə yaralanıb. Rusiyanın bombardmanları nəticəsində ümumilikdə 927 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə dağılıb.

Rusiya Xarkov vilayətinin İzyum rayonuna ağır zirehli texnikadan ibarət yeni hərbi karvan göndərib. Xarkov vilayətində yüksək dəqiqlikli havadan buraxılan raketlər Çuqev qəsəbəsi ərazisindəki yanacaq bazasını məhv edib. Həmçinin Dnepropetrovsk vilayətində yerləşən neft anbarına və zavodlardan birinə gecə saatlarında raket zərbələri endirilib.

Bunda başqa, Rusiya ordusu Krımda yerləşdirilmiş “Bastion” sahil raket sistemindən 2 ədəd “Oniks” səsdən sürətli qanadlı raket ilə Ukrayna hərbi obyektlərinə zərbə endirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi-Kosmik Qüvvələri son sutkada Ukraynanın 34 hərbi obyektini, o cümlədən 9 dayaq məntəqəsi və konsentrasiya məntəqəsini vurub. Ukraynanın artilleriya batareyası, 2 logistika anbarı, həmçinin Ukrayna silahlı qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər vurulub. Həmçinin, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Taranovka rayonunda Ukraynaya məxsus Türkiyə istehsalı olan “Bayraktarar TB2” PUA-sını vurub.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 125 təyyarəsi, 93 helikopteri, 227 zenit-raket kompleksi, 216 yayılım atəşli reaktiv sistemi, 408 PUA-sı, 1987 tank və digər zirehli döyüş maşınları, 1888 xüsusi nəqliyyat vasitəsi, 862 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button