Rusiya-Ukrayna müharibəsinin qırxıncı günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırxıncı gününün xronikasını təqdim edir.
Aprelin 4-də Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya qoşunlarından azad edib.
Çerniqov vilayətinin İçnyansk rayonunda rus ordusunun xeyli sayda texnikası məhv edilib. Ukrayna ordusu Jitomir vilayətini də Rusiya silahlı qüvvələrindən tam azad edib.
Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski dünəndən etibarən Rusiya qoşunlarının Ukraynanın Sumı vilayətini tərk etdiyini bildirib. Onun sözlərinə görə, vilayətin tam azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə işləri davam edir.
Ukrayna tərəfinin rəsmi açıqlamasına görə, Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir. Ukrayna ordusu Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur ediblər. Çerniqovda vəziyyət mürəkkəb olaraq qalıb.
“RBC-Ukraina” Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin fotolarını yayıb. Görüntülərdə şəhərdə kütləvi dağıntılar, xaos əks olunub. Müharibə zamanı Rusiya hərbi qüvvələrinin Belarusdan Kiyevə qədər irəliləməsinə mane olan sakit Buça şəhəri kütləvi atəşə və yerli əhaliyə qarşı qəddar rəftara məruz qalıb. Şəhərin küçələri yanmış avtomobillərlə yanaşı, insan meyitləri ilə doludur, yerli hakimiyyət orqanlarının məlumatına görə həlak olanlardan bəziləri 14 yaşa qədər olan azyaşlı uşaqlardı. Şəhərdə silahlı toqquşmalar bir aydan çox davam edib.
Odessa Vilayət Hərbi Administrasiyasının Operativ Qərargahının spikeri Sergey Bratçukun sözlərinə görə, səhər saatlarında Rusiya ordusu Odessadakı obyektlərdən birinə raket zərbəsi endirib. Bundan əvvəl Nikolayev şəhərinə edilən raket zərbələri nəticəsində 1 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 147 təyyarəsini, 134 helikopterini, 647 tankını, 1844 zirehli texnikasını, 1273 hərbi avtomobilini, 330 artilleriya qurğusunu, 92 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 107 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 18300 nəfər hərbiçisi öldürülüb.
Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub, nəticədə 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olmaqla 34 nəfər isə yaralanıb.
BMT İnsan Haqları üzrə Ali Komissarlığının məlumatında Ukraynada müharibə başlayandan indiyədək azı 1417 mülki şəxsin həlak olduğu,
2 038 nəfərin yaralandığı qeyd olunub. Mülki əhalinin əksəriyyətinin ölümü və ya xəsarət alması hallarının səbəbi ağır artilleriya, çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, eləcə də böyük dağıntı sahəsinə malik partlayıcı qurğuların istifadəsi olub. Mariupol, İrpen daxil olmaqla intensiv hərbi əməliyyatların aparıldığı şəhərlərin itki məlumatları siyahıya daxil edilmədiyi üçün real rəqəmlər daha yüksəkdir.
Hərbi əməliyyatlar başlayandan indiyədək 4 milyon 215 min 47 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib. Ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır.
Aprelin 4-də Rusiya Ukraynanın mühüm infrastrukturlarını məhv etmək üçün yüksək dəqiqlikli silahlardan istifadə etməkdə davam edib.
Rusiya Müdafiə Nazirliyi Rusiya Hava-Kosmik Qüvvələrinin operativ-taktiki hərbi aviasiyasının ötən gecə ərzində Ukraynanın 17 hərbi obyektini vurduğunu açıqlayıb. Məhv edilən hərbi obyektlər arasında 2 komanda məntəqəsi, Krasnoqorsk və Verxnetoretskoye vilayətlərində Buk-M1 zenit-raket komplekslərinin iki buraxılış qurğusu, 1 artilleriya batareyası, 2 raket və artilleriya silah və sursat anbarı, 1 yanacaq anbarı, həmçinin 11 istehkam məntəqəsi və Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər var.
Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə Nikolaev, Xerson, Kuraxovka, İndustrialnoe, Velikaya Novoselka yaşayış məntəqələrinin ərazilərində 6 PUA vurulub. Bundan başqa, Ukraynanın Severodonetsk kəndi yaxınlığında 2 PUA məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 125 təyyarəsi, 91 helikopteri, 394 PUA-sı, 1948 tank və digər zirehli döyüş maşınları, 1842 xüsusi nəqliyyat vasitəsi, 226 zenit-raket kompleksi, 212 yayılım atəşli reaktiv sistemi, 838 artilleriya qurğusu və minaatanı məhv edilib.
Ukrayna Donetsk və Luqansk vilayətlərindən mülki şəxslərin təxliyəsi üçün Ukraynada 2 humanitar açılması ilə bağlı Rusiya ilə razılığa gəlib.
Ukrayna-Rusiya müharibəsində Ukrayna ordusunun daha bir Azərbaycan əsilli hərbçisi yaralanıb.
Rizvan Fikrətoğlu




